BAKIDA İKİNCİ AZƏRBAYCAN-RUSİYA İQTİSADİ FORUMU KEÇİRİLƏCƏKDİR
“Nikoyl” İKB-nin idarə heyətinin sədri, “Uralsib” Maliyyə Korporasiyasının Azərbaycan müdiriyyətinin başçısı Vasili Xamazanın sözlərinə görə, forumun keçirilməsindən məqsəd Azərbaycanın və Rusiyanın hökumət və qeyri-hökumət sektorlarının səmərəli əməkdaşlığının daha da inkişaf etdirilməsi, hər iki ölkənin iş adamları arasında yeni əlaqələrin qurulmasıdır. Forumda həllini tapacaq məsələlər sırasında birgə fəaliyyətə dair cari məsələlərin müzakirəsinin optimal formatının və dövlətlərarası dialoqda mövcud olan bəzi aktual problemlərin aradan qaldırılması yollarının müəyyənləşdirilməsi də vardır.
Vasili Xamaza bildirmişdir ki, hər iki ölkədə hökm sürən siyasi sabitlik, iqtisadiyyatın müxtəlif sahələrinin dinamik inkişaf göstəriciləri, 1 milyard dollar səviyyəsinə yüksəlmiş qarşılıqlı mal dövriyyəsi və birgə fəaliyyətin geniş perspektivlərinin mövcudluğu bu mühüm tədbirin keçirilməsinə, dövlətlərimizin və xalqlarımızın əməkdaşlığında yeni mərhələnin başlanğıcına səbəb olacaqdır.
Fevralın 24-dək davam edəcək forum çərçivəsində müxtəlif mövzularda dəyirmi masaların, seminar və biznes-görüşlərin keçirilməsi də planlaşdırılır.