Bakıda İtaliyanın milli bayramı qeyd edilib
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 13-də İtaliyanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın və İtaliyanın dövlət himnlərinin səslənməsi ilə başlayıb.
İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo çıxış edərək deyib ki, 69 il bundan əvvəl İtaliya respublika elan olunub. Bayramımız Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunları ilə eyni vaxta düşür. Ölkəmizi bu Oyunlarda təmsil edən idmançıların bəziləri bu gün bizimlə birlikdədir. Onların hamısına, eləcə də Azərbaycan idmançılarına uğurlar arzulayırıq.
Səfir İtaliya ilə Azərbaycan arasında əlaqələrin inkişafının müsbət dinamikasından məmnun olduğunu bildirib. Qeyd edib ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarındandır. Azərbaycan hökumətinin əlverişli investisiya siyasəti italiyalı sahibkarların diqqətini çəkir, müştərək şirkətlərin sayı artır, energetika, təhsil, mədəniyyət sahələrində əlaqələr inkişaf edir. İtaliya Azərbaycanı özünün strateji tərəfdaşı hesab edir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Aqşin Mehdiyev milli bayram münasibətilə İtaliya xalqını təbrik edib. O deyib ki, ötən əsrin sonlarından ölkələrimiz arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün İtaliya Azərbaycanla ən sıx əməkdaşlıq edən Avropa ölkələrindən biridir. Azərbaycan rəhbərliyi İtaliya ilə bütün sahələrdə əlaqələrin dinamik inkişafına böyük əhəmiyyət verir.
Aqşin Mehdiyev birinci Avropa Oyunlarında iştirak edən İtaliya idmançılarına uğurlar arzulayıb.