İDMAN
Bakıda karate üzrə 55-ci Avropa çempionatına hazırlıq işləri davam edir
![Bakıda karate üzrə 55-ci Avropa çempionatına hazırlıq işləri davam edir](/files/2020/1/1200x630/15822945091299935156_1200x630.jpg)
Bakı, 21 fevral, AZƏRTAC
Martın 25-29-da Bakıda keçiriləcək böyüklər arasında karate üzrə 55-ci Avropa çempionatına hazırlıq işləri davam edir.
Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, məsul yarışın təşkilat qrupunun üzvləri “Pride PR” agentliyinin nümayəndələri ilə görüşüblər. Əvvəlcə Avropa çempionatının keçiriləcəyi Milli Gimnastika Arenasında yarış zalına baxış olub.
Sonra Azərbaycan Milli Karate Federasiyasının ofisində davam etdirilən görüşdə Bakıda ilk dəfə keçiriləcək böyüklərin Avropa çempionatının yüksək səviyyədə təşkilinin əsas hədəflərdən olduğu bildirilib.
Federasiya prezidenti Yaşar Bəşirov və agentliyin bədii direktoru Andrey Leromin, eləcə də görüş iştirakçıları açılış mərasiminin ssenarisini bir daha diqqətdən keçiriblər. Görüşdə, həmçinin mükafatlandırma mərasimi və digər məsələlər barədə müzakirələr aparılıb.