Bakıda keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 5-də Bakıda start götürəcək cüdo üzrə "Böyük dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Beynəlxalq və Azərbaycan Cüdo federasiyalarının rəsmiləri iştirak ediblər.
Əvvəlcə bu yaxınlarda koronavirus infeksiyasından dünyasını dəyişmiş tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra mötəbər turnirin püşkü atılıb.
Üç gün davam edəcək yarışda Azərbaycan təmsilçilərinin də ilk rəqibləri bəlli olub. Belə ki, kişilər arasında 60 kiloqram çəki dərəcəsində Balabəy Ağayev Damir Meremov (Rusiya), Rövşən Əliyev Dilşot Xalmatov (Ukrayna), Əhməd Yusifov Ariunbold Enxtayvan (Monqolustan), Turan Bayramov Hayato Kondo (Yaponiya) ilə mübarizə aparacaq.
İbrahim Əliyev Yuji Aida (Yaponiya), Tofiq Məmmədov Danilo Xlopetski (Ukrayna), İsmayıl İbrahimov Baqrati Niniaşvili (Gürcüstan), Orxan Səfərov Baybol Uulu Salamat (Qırğızıstan) ilə 66 kiloqram çəkidə güclərini sınayacaq.
Rüfət Məmmədov Ryo Tsukamoto (Yaponiya), Telman Vəliyev Lukas Vennokold (Almaniya), Hidayət Heydərov Mixel Adam (Almaniya) - Kornel Andries (Moldova) cütünün qalibi, Rüstəm Orucov Uranbayar Odgerel (Molqolustan) - Ken Oyoşi (Yaponiya) cütünün qalibi ilə 73 kiloqram çəkidə tatamiyə çıxacaq.
Səksən bir kiloqram çəki dərəcəsində Elcan Hacıyev Xaknazar Nazarov (Tacikistan) -Yoşimiçi Kamoçi (Yaponiya) cütünün qalibi, Ömər Rəcəbli Zebeda Rexviaşvili (Serbiya), Hasil Cəfərov Giqa Giqauri (Gürcütan), Kərim Məmmədov Murrentsen Battulqa (Monqolustan) ilə güclərini sınayacaq.
Doxsan kiloqram çəki dərəcəsində Rüfət İsmayılov Jamal Petqrave (Böyük Britaniya), Vüqar Talıbov Nemanya Maydov (Serbiya), Məmmədəli Mehdiyev Tengiz Batsayxan (Monqolustan) -Con Jayne (ABŞ) cütünün qalibi ilə üz-üzə gələcək.
Yüz kiloqram çəki dərəcəsində Adil Kərimli Yan Rayder (Kanada), Kənan Abdullaxanlı Onise Seneblidze (Gürcüstan), Ruslan Nəsirli Zlatko Kumriç (Xorvatiya) ilə qarşılaşacaq.
Kişilər arasında ağır çəkidə - 100 kiloqramdan yuxarı çəki dərəcəsində isə Hüseyn Məmmədov Tyaqo Palmini (Braziliya), Uşangi Kokauri Camal Feyziyev-Tatsuru Sayto (Yaponiya) cütünün qalibini sınağa çəkəcək.
Qadınlar arasında Şəfəq Həmidova (48 kq) Rafaela Batista (Braziliya), Aişə Qurbanlı Katarina Tanzer (Avstriya), Zeynəb Məmmədova (52 kq) Annika Vurfel (Almaniya), Ülviyyə Bayramova Anastasiya Polikatpova (Rusiya), İçinxorloo Muntsxedev (57 kq) Rafaela Silva (Braziliya), Aytac Qardaşxanlı (63 kq) Qabriella Moraes (Braziliya), Südabə Ağayeva (70 kq) Utana Terada (Yaponiya), Günel Həsənli Lara Çvetko (Xorvatiya) ilə mübarizə aparacaq.
Qeyd edək ki, "Böyük dəbilqə" turnirində ümumilikdə 29 ölkədən 196 cüdoçu (129 kişi, 67 qadın) iştirak edəcək.