Bakıda keçmiş məhkumdan “Kalaşnikov” markalı avtomat silah aşkarlanıb VİDEO
Bakı, 15 fevral, AZƏRTAC
Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində əməliyyat həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rahim Şəfəqqətov saxlanılaraq polis bölməsinə gətirilib. Onun üzərinə baxış zamanı üç ədəd patron aşkar edilib. Saxlanılan şəxs ifadəsində yaşadığı Ramana qəsəbəsində odlu silah-sursat gizlətdiyini bildirib. Polis əməkdaşları həmin ünvana da baxış keçiriblər. Oradan isə Rahim Şəfəqqətova məxsus atəşə yararlı “AK-74” markalı avtomat silah, 1 daraq və 2 patron aşkarlanaraq götürülüb. Rahim Şəfəqqətov odlu silahı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək gizlətdiyini bildirib.
Faktla bağlı 9-ci polis bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Rahim Şəfəqqətov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.