BAKIDA ONUNCU YUBİLEY BEYNƏLXALQQİDA SƏNAYESİ SƏRGİSİ AÇILIR
Mayın 11-də Beynəlxalq Mətbuat Mərkəzində bu münasibətlə mətbuat konfransı keçirilmişdir. Konfransda Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov, Sankt-Peterburq Ticarət və Sənaye Palatasının şöbə rəisi Nadejda Komyakova, PrimExpo Şirkətinin meneceri Viktoriya Kozlova, İteca Caspian Şirkətinin direktoru Fərid Məmmədov, İnterFood Azərbaycan sərgisinin meneceri Kamilla Qareva jurnalistlərin suallarına cavab vermişlər.
Qeyd olunmuşdur ki, sərginin təşkilatçısı İTE Group Plc Britaniya Beynəlxalq Sərgi Şirkəti və onun Qafqazdakı eksklüziv tərəfdaşı İteca Caspian Ltd-dir. Azərbaycanda İnterFood sərgisi ilk dəfə 1995-ci ildə keçirilmişdir. Ötən müddətdə sərgidə 500-dən çox şirkət iştirak etmişdir. Onların bir çoxu artıq Bakıda öz nümayəndəliklərini açmışdır və fəaliyyət göstərir. Budəfəki sərgidə dünyanın 15 ölkəsindən 67 şirkət iştirak edəcəkdir. Tədbirə Azərbaycanın qida istehsalı ilə məşğul olan aparıcı şirkətləri qatılacaqdır. Sankt-Peterburq Ticarət və Sənaye Palatası sərgidə ilk dəfə iştirak edəcəkdir. Əvvəlki illərlə müqayisədə bu il ekspozisiya sahəsi 40 faiz genişlənmişdir.
Sərgidə qida məhsulları ilə yanaşı, emal və qablaşdırma, ticarət, restoran, bar avadanlığı, o cümlədən qablar və soyuducular təklif olunacaqdır.
Sərgi mayın 14-dək davam edəcəkdir.