BAKIDA “QAFQAZIN ARXEOLOGİYASI, ETNOLOGİYASI, FOLKLORU” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS İŞƏ BAŞLAMIŞDIR
İki ildən bir Cənubi Qafqaz respublikaları paytaxtlarının birində keçirilən budəfəki konfrans Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Arif Abbasovun xatirəsinə həsr olunmuşdur.
Tədbirə Rusiya, Gürcüstan alim və mütəxəssisləri ilə yanaşı, Bakı-Tbilisi–Ceyhan əsas ixrac neft kəməri boyunca aparılan arxeoloji qazıntılarda iştirak edən ABŞ arxeoloqları da qatılmışlar.
AMEA–nın prezidenti, akademik Mahmud Kərimov tədbirin əhəmiyyətini nəzərə çarpdırmış, konfrans iştirakçılarına uğurlar arzulamışdır.
İnstitutun direktor müavini Maisə Rəhimovanın “Arif Abbasov AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun ilk direktorudur”, AMEA müxbir üzvü Vəli Əliyevin “Naxçıvan qədim sivilizasiya ocağıdır”, institutun şöbə müdiri, tarix elmləri mamizədi Qoşqar Qoşqarlının “Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Cənubi Qafqaz qaz kəmərlərinin keçdiyi ərazilərdə arxeoloji abidələrin tədqiqi” və digər mövzularda məruzələr dinlənilmişdir.
Məruzə və çıxışlarda qədim dövr arxeologiyasının və etnoqrafiyasının tədqiqində birgə elmi araşdırmaların zəruriliyi vurğulanmış, Naxçıvan arxeoloji ekspedisiyasının fəaliyyətindən, muxtar respublikanın Şərur, Babək, Şahbuz, Culfa və Ordubad rayonları ərazilərində aparılmış geniş tədqiqat işləri zamanı Tunc və ilk Dəmir dövrlərinə aid çoxlu abidənin aşkara çıxarılmasından danışılmışdır.
BTC və CQ kəmərləri marşrutlarında müxtəlif tarixi dövrlərə aid 30–dan artıq arxeoloji abidə tədqiq olunmuşdur.
Dekabrın 17-dək davam edəcək konfransda Cənubi Qafqaz arxeologiyasının, etnologiyasının və folklorunun müxtəlif problemlərinə həsr olunmuş 150-dən artıq məruzə dinləniləcək, fikir mübadiləsi aparılacaqdır.