BAKIDA QARA DƏNİZ BİZNES FORUMU KEÇİRİLMİŞDİR
Qara dəniz Ticarət və İnkişaf Bankına üzv ölkələrin hökumət qurumlarının və işgüzar dairələrinin nümayəndələrinin, beynəlxalq maliyyə təşkilatlarının və bankların təmsilçilərinin iştirak etdikləri tədbirdə iqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid Axundov Prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxumuşdur (Prezidentin təbrik məktubu qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc edilmişdir).
İqtisadi inkişaf naziri Heydər Babayev Qara dəniz Ticarət və İnkişaf Bankının (QTİB) Direktorlar və Müdirlər şuralarının Bakıda keçirilən iclasları barədə məlumat vermiş, müzakirələrin səmərəli olduğunu bildirmişdir.
H.Babayev qeyd etmişdir ki, Azərbaycanın banka müdirliyi dövründə bir sıra uğurlar qazanılmış, QTİB maliyyə ilini ilk dəfə mənfəətlə başa vurmuşdur. O, Azərbaycanın üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini bildirmiş, digər üzv ölkələri də öhdəlikləri yerinə yetirməyə çağırmışdır.
Ölkəmizin iqtisadi inkişafını faktlarla diqqətə çatdıran H.Babayev, qazanılmış nailiyyətlərdən söz açmışdır. 2005-ci ildə dünyada ən böyük iqtisadi artımın Azərbaycanda qeydə alındığını vurğulayan nazir, qarşıdakı illərdə iqtisadiyyatın inkişaf tempinin daha da yüksək olacağını söyləmişdir.
Azərbaycanın təşəbbüsü və rəhbrəliyi ilə həyata keçirilən iri layihələrdən – Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Böyük İpək yolundan danışan nazir, ümummilli liderimiz Heydər Əlyevin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləmişdir.
X X X
Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında dəhliz rolu oynadığını diqqətə çatdıran H.Babayev, respublikamızın Xəzər hövzəsi ölkələrində çıxarılan enerjidaşıyıcılarının Avropaya nəqlində əhəmiyyətli rol oynayacağını vurğulamış, bu istiqamətdə bir neçə gün əvvəl istifadəyə verilən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərini, inşası yaxın vaxtlarda başa çatacaq Bakı-Tbilisi-Ərzurum qaz kəmərini qeyd etmişdir.
H.Babayev ölkəmizdə qeyri-neft sektorunun inkişafı, yoxsulluğun azaldılması və yeni iş yerlərinin yaradılması, infrastrukturun yaxşılaşdırılması, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən danışmış, əlverişli biznes mühitinin xarici sərmayəçilərin diqqətini cəlb etdiyini bildirmişdir. O, bugünkü forumun region ölkələrinin işgüzar dairələri arasında əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu söyləmişdir.
Qara dəniz Ticarət və İnkişaf Bankının prezidenti Hayrettin Kaplan tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirmişdir. O, forumun ötən il dünyada ən yüksək iqtisadi artımın müşahidə olunduğu Azərbaycanda keçirilməsinin ölkəmizin artan nüfuzu ilə bağlı olduğunu söyləmişdir.
Azərbaycanın regional əməkdaşlıqda böyük rola sahib olduğunu vurğulayan H.Kaplan, ölkəmizdə əlverişli biznes mühitini qeyd etmişdir.
İşçi qruplarda işini davam etdirən forumda maliyyə naziri Samir Şərifovun, iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarovun, Milli Bankın idarə heyətinin üzvü Rüfət Aslanlının, QTİB-in vitse-prezidenti Sofya Kassidovanın, Azərbaycan Mikromaliyyələşmə Bankının baş direktoru Tomas Engelhardtın, Avropa Yenidənqurma və İnkişaf Bankının Cənubi Qafqaz ölkələri üzrə direktoru Maykl Daveyin müxtəlif mövzularda məruzələri dinlənilmişdir.
Forumun sonunda QTİB-in Direktorlar Şurasının iyunun 10-da keçirilən iclasında qəbul edilmiş qərara əsasən, “Azərdəmiryolbank”, “Kapitalbank” və “Texnikabank”a ayrılmış kredit xəttinin açılmasına dair müqavilələr imzalanmışdır. Vəsait ölkəmizdə kiçik və orta sahibkarlığın, ticarətin və sənayenin inkişafına yönəldiləcəkdir.
Bununla da biznes-forum işini başa çatdırmışdır.