Bakıda “Qlobal düşün, lokal fəaliyyət göstər” devizi altında veloyürüş keçirilib
Bakı, 19 iyul, AZƏRTAC
“Təbiət Dostları” Gənclər İctimai Birliyinin yaşıl velosipedçilər klubu ABŞ-ın Azərbaycandakı səfirliyi ilə birgə “Qlobal düşün, lokal fəaliyyət göstər” (Think globally, act locally) devizi altında veloyürüş təşkil edib.
AZƏRTAC xəbər verir ki, 50-dək velosipedçinin qatıldığı yürüşdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da iştirak edib.
Veloyürüşün məqsədi ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan velosipeddən istifadənin insanlar arasında təbliği, ekoloji maarifləndirmə işinin aparılması, ətraf mühitin mühafizəsində məsuliyyət hissinin artırılmasına töhfə verməkdir.
Ətraf mühitin mühafizəsinin vacibliyindən danışan səfir Robert Sekuta qısa məsafələrə hərəkət zamanı velosipeddən istifadənin əhəmiyyətini vurğulayaraq deyib: “Bizdən əvvəlki nəsillər, valideynlərimiz ətraf mühitin qorunmasına çalışıblar. Biz də ətraf mühitin mühafizəsi üçün səylərimizi əsirgəməməliyik. Avtomobillərdən deyil, velosipeddən istifadə etməklə həm sağlamlığımızı qoruya, həm də ətraf mühiti zəhərli qazlardan xilas edə bilərik”.
Bakı Dəniz Vağzalından start götürən veloyürüşün iştirakçıları şəhərin mərkəzi küçələrindən keçərək 13 kilometr məsafə qət ediblər.
“Təbiət Dostları” Gənclər İctimai Birliyi 2008-ci ildə bir qrup fəal gənc tərəfindən yaradılıb, 2013-cü ildə Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınıb. Birlik 7 ildir ki, ölkəmizdə ekoloji layihələr həyata keçirməklə, vəhşi heyvanları və bitkiləri qorumaqla insanlara ekosistemin bir hissəsi olmalarını aşılamaqdadır.