Bakıda “Regional inkişafın Şəki-Zaqatala modeli” layihəsinin təqdimatı olmuşdur
Bakı, 23 aprel (AZƏRTAC, Əziz Məmmədov). “Qafqaz City” otelində “Regional inkişafın Şəki-Zaqatala modeli” layihəsinin təqdimatı olmuşdur. Layihə Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə “World Vision Azerbaijan” humanitar təşkilatı tərəfindən həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Aİ-nin yerli ofisinin nümayəndələri, Milli Məclisin deputatları, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının təmsilçiləri, jurnalistlər iştirak etmişlər.
Aİ-nin Bakı nümayəndəliyinin əməkdaşı Federiko Bern bildirmişdir ki, layihə Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan 6 inzibati rayonun iqtisadi inteqrasiyasına və sabit sahibkarlığın təmin olunmasına yönəlmişdir.
“World Vision Azerbaijan”ın nümayəndələri - Azərbaycanda proqram direktoru Giorgi Devidze və proqramın böyük rəhbəri Barat Əzizov bildirmişlər ki, bu il humanitar təşkilat Azərbaycandakı fəaliyyətinin 20 illiyini qeyd edir. Bu illər ərzində Təhsil Nazirliyinin və müxtəlif qeyri-hökumət təşkilatlarının köməyi ilə uşaqların təlim-tərbiyəsi ilə bağlı çoxlu sayda layihə həyata keçirilmişdir. İndiki layihə Şəki-Zaqatala regionunun kənd təsərrüfatında kiçik biznesin dəstəklənməsinə istiqamətlənmişdir. Layihə çərçivəsində ən azı 45 kiçik biznes obyekti yaratmaq planlaşdırılır. Bundan əlavə, altı rayonun icra hakimiyyəti nümayəndələri ilə əməkdaşlıq şəraitində 13 aqroməsləhət mərkəzi yaratmaq nəzərdə tutulur.
Milli Məclisin deputatı Kamilə Əliyeva demişdir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən infrastruktur layihələrinin icrası gedişində paytaxtda və regionlarda yeni yollar çəkilir, körpülərin ayı ilbəil artır, vətəndaşlar hər gün sakit və sabit həyatın rahatlığını hiss edirlər.
Qeyd edək ki, layihə 530.132 avro civarında qiymətləndirilir. Həmin məbləğin 397.734 avrosunu Aİ ayıracaqdır.