BAKIDA TÜRK DÜNYASI PEDİATRLARININ VI BEYNƏLXALQ KONQRESİ KEÇİRİLİR
Türkiyə, Amerika Birləşmiş Ştatları, Qazaxıstan, Özbəkistan, Almaniya, Qırğızıstan və digər ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdikləri konqresi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Türkdilli Ölkələrin Milli Pediatriya Cəmiyyətləri Birliyi təşkil etmişlər.
Konqresin iştirakçıları əvvəlcə Fəxri xiyabanda xalqımızın ümummilli lideri dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də anılmış, məzarı üstünə tər güllər düzülmüşdür.
Pediatrlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad etmiş, məzarları üzərinə gül dəstələri düzmüşlər.
Konqres çərçivəsində “Körpələrin ana südü ilə qidalanmasının vacibliyi” mövzusunda seminar keçirilmişdir.
Seminarda K.Fərəcova adına Elmi–Tədqiqat Pediatriya İnstitutunun direktoru, Beynəlxalq Uşaq Mərkəzi Bakı şöbəsinin icraçı direktoru, professor Nəsib Quliyev çıxış edərək, Türkdilli Ölkələrin Milli Pediatriya Cəmiyyətləri Birliyinin yaradıcısı və fəxri prezidenti, professor İhsan Doğramacının təşəbbüsü ilə Bakıda Türk dünyası pediatrlarının VI beynəlxalq konqresinin təşkil olunduğunu və bu beynəlxalq tədbirin əhəmiyyətini vurğulamış, iştirakçılara uğurlar arzulamışdır.
Sonra Beynəlxalq uşaq mərkəzinin icraçı direktorunun müavini Kədriyyə Yurdakökün (Türkiyə) mövzu ilə bağlı məruzəsi dinlənilmiş, ayrı-ayrı ölkələrdə ana südü ilə qidalanmanın müdafiəsi haqqında geniş müzakirələr aparılmışdır.
Sonra Azərbaycan Tibb Universitetində Türk dünyası pediatrlarının VI beynəlxalq konqresi öz işinə başlamışdır.
Səhiyyə nazirinin müavini Sənan Kərimov konqresi açaraq bildirmişdir ki, Türkdilli Ölkələrin Milli Pediatriya Cəmiyyətləri Birliyinin yaradıcısı və fəxri prezidenti, professor İhsan Doğramacının təşəbbüsü ilə ilk dəfə türk dünyası pediatrlarının konqresi 1993-cü ildə Ankara şəhərində keçirilmişdir. 1997–ci ildə isə IV konqres ümummilli liderimiz, görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda təşkil olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə keçirilən VI konqresin əhəmiyyətini vurğulayan nazir müavini, ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması ilə bağlı Dövlət Proqramının qəbul olunduğunu və bugünkü tədbirin həmin proqramın reallaşmasına səmərəli fayda verəcəyini vurğulamışdır.
Türkdilli Ölkələrin Milli Pediatriya Cəmiyyətləri Birliyinin yaradıcısı və fəxri prezidenti, professor İhsan Doğramacının videogörüntüsü ilə təbriki səsləndirildikdən sonra Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, K.Fərəcova adına Elmi–Tədqiqat Pediatriya İnstitutunun direktoru, Beynəlxalq Uşaq Mərkəzinin Bakı şöbəsinin icraçı direktoru, professor Nəsib Quliyev görkəmli alim İ.Doğramacının təbabət elminə və səhiyyənin inkişafına verdiyi dəyərli töhfələrdən danışmışlar.
Natiqlər bugünkü konqresin pediatrların və bu sahədə elmi axtarışlar aparan alimlərin peşəkarlığının daha da artırılmasında, uşaqların sağlamlığı naminə birgə elmi-tədqiqatların aparılmasında mühüm rolu olacağını diqqətə çatdırmışlar.
Türkdilli Ölkələrin Milli Pediatriya Cəmiyyətləri Birliyinin baş katibi, professor Ənvər Həsənoğlu müasir şəraitdə müxtəlif ölkələrin uşaq həkimləri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinin, uşaqların sağlamlığının qorunmasının vacibliyini vurğulamışlar.
Sonra Beynəlxalq Pediatrlar Cəmiyyətinin vitse prezidenti Ceyn Şalerin “Dünyada uşaqların sağlamlıq vəziyyəti” mövzusunda geniş məruzəsi dinlənilmiş, müzakirələr aparılmışdır.
Konqres oktyabrın 7-də öz işini davam etdirəcəkdir.