BAKIDA TÜRK İNŞAAT MATERİALLARI SƏRGİSİ AÇILMIŞDIR
Sonra Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov, Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı çıxış etmişlər. A.Şərifov bildirmişdir ki, Türkiyə şirkətləri Azərbaycan iqtisadiyyatının bir çox sahələrində uzunmüddətli layihələr həyata keçirir. Azərbaycan ilə Türkiyə arasında əmtəə dövriyyəsi bir il ərzində 24,9 faiz artaraq, 302,2 milyon dollara çatmışdır. Türk inşaatı dünyada özünəməxsus yer tutur. Yeni texnologiyaların, daha keyfiyyətli inşaat materiallarının ölkəmizə gətirilməsi, təcrübə mübadiləsi aparılması baxımından bu sərginin böyük əhəmiyyəti vardır.
Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı sərgi iştirakçılarını salamlayaraq demişdir ki, Qafqaz regionunda həm coğrafi mövqeyi, həm də iqtisadi əhəmiyyətinə görə nüfuzu günbəgün artan Azərbaycanın paytaxtı Bakıda Türkiyə inşaat materiallarının belə geniş çeşiddə təqdim olunması əməkdaşlığın perspektivləri üçün geniş imkanlar açır.
Qeyd olunmuşdur ki, sərgidə uzun müddət Azərbaycanda işləyən şirkətlərlə yanaşı, ölkəmizdə ilk dəfə təmsil olunan inşaat firmalarının da ekspozisiyaları nümayiş etdirilir.
Açılışı bildirən rəmzi qırmızı lent kəsildikdən sonra iştirakçılar sərginin pavilyonu ilə tanış olmuşlar.
Mərasimdə Azərbaycan Sənaye və Ticarət Palatasının prezidenti Süleyman Tatlıyev və digər rəsmi şəxslər iştirak etmişlər.
Sərgi dekabrın 2-dək davam edəcəkdir.