Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
Bakı, 20 iyul, AZƏRTAC
Azərbaycanda iyulun 21-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz yağıntı kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək, səhər və gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 30-34° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan aşağı - 753 millimetr civə sütunundan 756 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.
İyulun 21-də Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, səhər və gündüz bəzi yerlərdə arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 26-27° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda 27-28° isti olacaq.
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 30-35° isti, dağlarda gecə 13-18°, gündüz 18-23° isti olacağı bildirilir.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının bəzi yerlərində fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 30-35° isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöl rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 20-25°, bəzi yerlərdə 28° isti olacağı proqnozlaşdırılır.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 18-23° isti, bəzi yerlərdə 27° isti olacağı bildirilir.
Gəncə və Naftalan şəhərlərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz rayonlarının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntı tədricən kəsiləcək. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 28-33° isti olacağı ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 24-29° isti, dağlarda gecə 12-16°, gündüz 19-24° isti olacağı ehtimalı var.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Ağdaş, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntı tədricən kəsiləcək. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 30-35° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-23°, gündüz 29-34° isti, dağlarda gecə 17-19°, gündüz 20-25° isti olacağı gözlənilir.