Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminara start verilib
Bakı, 11 sentyabr, AZƏRTAC
Bu gün Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminara start verilib.
Azərbaycan Voleybol Federasiyasından (AVF) AZƏRTAC-a verilən məlumata görə, Beynəlxalq Voleybol Federasiyası (FIVB) və AVF-nin birgə təşkilatçılığı ilə baş tutan FIVB-nin Level iki seminarı sentyabrın 15-dək davam edəcək. Burada yerli və xarici mütəxəssislər iştirak edəcəklər.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan seminara rəhbərliyi türkiyəli Cengiz Akarçeşmə edir, onun assistenti isə daha öncə FIVB-nin məşqçilik sertifikatını almış, çimərlik voleybolu üzrə məşqçi olan Nihad Tanriverdiyevdir.
Seminar nəzəriyyə və təcrübədən ibarətdir. Seminarın son günü imtahan təşkil ediləcək və bu mərhələni uğurla keçəcək mütəxəssislərə FIVB-nin Level 2 dərəcəli beynəlxalq sertifikatı veriləcək.
Nəzərinizə çatdıraq ki, 3-7 iyul tarixlərində Bakıda FIVB-nin Level 1 seminarı keçirilib. Cari ilin noyabr ayında isə ölkəmizdə FIVB Level 3 beynəlxalq seminarının təşkili nəzərdə tutulub.