BAKIDA X BEYNƏLXALQ QİDA SƏNAYESİ SƏRGİSİ AÇILDI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, İTE Group Plc. Britaniya Beynəlxalq Sərgi şirkəti və onun Qafqazdakı eksklüziv tərəfdaşı İteca Caspian Ltd-nin təşkil etdiyi sərginin açılış mərasimində Rusiya Federasiyası, Ukrayna, Gürcüstan və Özbəkistanın ölkəmizdəki səfirləri, digər ölkələrin səfirliklərinin nümayəndələri iştirak edirdilər. Kənd təsərrüfatı nazirinin vəzifəsini icra edən İrşad Əliyev, Ticarət və Sənaye Palatasının prezidenti Süleyman Tatlıyev, İteca Caspian şirkətinin direktoru Fərid Məmmədov əməkdaşlıq əlaqələrinin yaranması və inkişafında sərginin əhəmiyyətini qeyd etmiş, iştirakçılara uğurlar arzulamışlar.
Qeyd olunmuşdur ki, bu beynəlxalq sərginin təşkilinə 1995-ci ildə ilk xeyir-duanı ümummilli liderimiz Heydər Əliyev vermişdir. Sərgi təkcə Azərbaycanda, Xəzəryanı regionda, MDB məkanında deyil, dünyada tanınıb-seçilən, diqqətlə izlənən, iştirakçılarının və tamaşaçılarının sayı ilbəil artan beynəlxalq foruma çevrilmişdir. Bu il burada 15 ölkədən 70-ə yaxın şirkət iştirak edir. On il ərzində “İnterFood Azerbaijan” 700-ə qədər şirkəti qəbul etmişdir. Artıq onların 70 faizdən çoxunun Bakıda nümayəndəlikləri, ayrıca və ya birgə müəssisələri fəaliyyət göstərir. Sərgidə əldə olunan razılaşmalar ölkəmizdə yeni iş yerlərinin açılmasına, iqtisadiyyatımıza sərmayə qoyuluşunun artmasına, yerli şirkət və firmaların bazarının genişlənməsinə səbəb olur. Əgər ilk illərdə sərgidə Azərbaycanı təmsil edən şirkətlər barmaqla sayılırdısa, indi onlar iştirakçıların 35 faizini təşkil edir.
Sərgi mayın 14-dək davam edəcəkdir.