Bakıdakı Rus evi Sergey Raxmaninovun 150 illiyinə həsr olunmuş konsert təşkil edəcək
Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 22-də Bakıdakı Rus evində dahi rus bəstəkarı, pianoçu və dirijor Sergey Raxmaninovun 150 illiyinə həsr olunmuş konsert keçiriləcək. Tədbir Bakıdakı Rus evi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə hazırlanıb.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildirilib ki, konsert proqramında rus musiqi dahisinin tanınmış əsərləri Birləşmiş Xor Hərəkatının əməkdar xadimi Kristina Əfəndiyevanın rəhbərliyi ilə Müqəddəs Mixail Arxangel Kilsəsi xorunun, beynəlxalq müsabiqələr laureatları, BMA-nın professorları Könül Hüseynovanın, Azərbaycanın Əməkdar artisti Nigar Məlikovanın, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Nəriman Əliyevin, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistləri Yuliya Heydərova və Firuz Məmmədovun, BMA-nın baş müəllimi Lalə Muxtarovanın, BMA-nın konsertmeysteri Dilarə Kərimovanın, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Xor kapellasının solistləri Kamilla İmanova və Əlyar Əliyevin, beynəlxalq müsabiqələrin laureatı Emil Malıqinin, BMA-nın məzunu Əminat Əhmədovanın, eləcə də İnarə Əzimova və Larisa Zairbəyovanın ifalarında səsləndiriləcək.
Aparıcı və layihənin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina olacaq.
Konsert saat 19.00-da başlayacaq.