Bakıdakı Rus Evində Rusiyanın Xalq artisti Yuri Nazarovla görüş keçirilib
Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycanda Rusiya Kinosu Günləri çərçivəsində Bakıdakı Rus Evində Rusiyanın Xalq artisti Yuri Nazarov və teatr və kino artisti Polina Neçitaylo ilə “Həm söz, həm mahnı” adlı yaradıcılıq görüşü keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin, Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin, biznes-strukturların, təhsil müəssisələrinin nümayəndələri, incəsənət xadimləri, mədəniyyət sahəsini təmsil edən ziyalılar və rusiyalı həmvətənlər iştirak ediblər.
Rus Evinin tamaşaçılarla dolu zalında toplaşanlar rusiyalı artistlərin hər çıxışını alqışlarla qarşılayıblar.
Azərbaycanda Rusiya Kinosu Günlərinin təşkilatçısı “ELS prodakşın” prodüser mərkəzidir. Azərbaycanda Rusiya Kinosu Günləri keçirilməsi ideyası Rusiya Prezidentinin mədəniyyətlərarası əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiya Xarici İşlər Nazirliyi, Rusiya Sülh Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi, Rusiyanın Azərbaycandakı səfirliyi, Bakıdakı Rus Evi, Bank VTB (Azərbaycan), “Savalan - ASPI Winery” şirkəti, “Hyatt Regency Baku” və Natalya Naftaliyevanın Modalar Evi tərəfindən dəstəklənib.