Bakının mərkəzində qanunsuz olaraq üç ağac kəsilib
Qanun pozucusunun müəyyən edilməsi və barəsində qanunauyğun tədbir görülməsi məqsədilə polisə müraciət olunub
Bakı, 27 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə paytaxtın Nəsimi rayonu, 20 yanvar küçəsi, 22 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əraziyə baxış zamanı yaşköküstə müxtəlifcinsli 3 ağacın kəsildiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib.
Qanun pozucusunun müəyyən edilməsi və barəsində qanunauyğun tədbir görülməsi məqsədilə Bakı Şəhər Polis İdarəsinə məktubla müraciət olunub.
Həmin əraziyə yeni ağacların əkilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.