“BAKUTEL-2006”: AZERCELL TELEKOM YENİLİKLƏRLƏ ÇIXIŞ EDİR!
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, “BakuTel-2006” sərgisində Azercell 10 illik yubileyi ərəfəsində beynəlxalq informasiya cəmiyyətinin nümayəndələrinə dərhal 3 yenilik təqdim etmişdir.
Bunlardan birincisi ən yaxın zamanlarda tətbiq olunacaq 3G texnologiyasıdır. O, abonentlərə misilsiz imkanlar açacaqdır. 3G texnologiyasının tətbiqi videozəng, videomesaj, şəkil mübadiləsi, treklərin yüklənməsi, oyunlar, musiqili video, mobil TV və s. möcüzəli əməliyyatları reallığa çevirir. Yeni nəsil texnologiyası olan 3G, sözün əsil mənasında, abonentlərə yeni həyat bəxş edəcəkdir.
İkinci yenilik Azercell Telekomun yeni internet səhifəsidir. Belə ki, ünvanı dəyişməz olaraq qalan yeniləşmiş www.azercell.com internet səhifəsi Şərq və Qərb koloritini birləşdirən müasir dizayna malikdir. Yeniləşmiş səhifədə tarif paketləri, xidmət, kampaniyalar və digər yeniliklər haqqında məlumatlar aydın və anlaşılan mətnlə təsvir olunmuşdur. Azərbaycanda oxşarı olmayan virtual müştəri xidmətləri ilə veb-səhifəsi üzərindən gün ərzində 10-a yaxın əməliyyat aparmaq mümkün olacaqdır. Üçüncü yenilik isə Simurq xidmətidir. Mobil telekommunikasiyada inqilabi dəyişikliklər edəcək Simurq LiveScreenTM texnologiyası əsasında hazırlanmışdır. Azərbaycanda oxşarı olmayan Simurq xidməti, fərdi informasiya vasitəsidir. Çünki artıq lazım olan hər bir faydalı məlumat, yeniliklər, xəbərlər, musiqi, əyləncələr Simurq vasitəsilə birbaşa mobil telefonun ekranına gələcəkdir.