Balakənin mərkəzində tıxac probleminin həlli ilə bağlı təkliflər hazırlanıb
Balakən, 12 yanvar, AZƏRTAC
Son illər Balakən şəhərində əhalinin artımı həm də nəqliyyat vasitələrinin çoxalması ilə nəticələnib. Şəhərin mərkəzindən keçən Heydər Əliyev prospektində bir neçə il bundan əvvələ kimi rahat hərəkət etmək mümkün idisə, artıq ciddi nəqliyyat sıxlığı - tıxaclar müşahidə olunmaqdadır.
AZƏRTAC xəbər verir ki, prospekt boyu bir neçə yerdə zolaqlı piyada keçidinin olması bu sıxlığı bir qədər də artırır, eyni zamanda, hərəkətin intensivliyini azaldır. Qeyd edək ki, bu prospekt həm də beynəlxalq nəqliyyat vasitələrinin istifadə etdiyi yeganə marşrutdur.

Sakinlər bəzən buradakı sıxlığın paytaxt Bakıdakı tıxaclardan heç də geri qalmadığını bildirirlər. Balakən şəhər sakini Yaqut Hüseynova hər gün nəvəsini bu prospektlə dərsə aparıb-gətirir. Günün ikinci yarısı isə dərslərdən əlavə hazırlığa da aparır. Onun sözlərinə görə, nəqliyyat sıxlığı xüsusilə iş günlərində daha çox olur.
Yevlax-Zaqatala-Gürcüstan yolunun Balakən şəhərinin mərkəzindən keçən bu hissəsi bir neçə kilometrdir. Alternativ yol olmadığından TIR-lar da bu yoldan istifadə edir. Bu səbəbdən prospektdə iş günləri daha çox sıxlıq yaranır, qəzalar baş verir. Sakinlər prospektdə tıxacların yaratdığı problemdən gileylənirlər. Burada hər hansı yeraltı, ya da yerüstü piyada keçidinin olmasını istəyirlər.

Rayon sakinləri Pirdast Umaxanova və Rüstəm Calalovla söhbət zamanı bildirdilər ki, zolaqlı piyada keçidləri artıq əhəmiyyətini itirib. Buradan yüzlərlə sakin gün ərzində istifadə edir. Rayonun əsas ticarət və iş mərkəzləri, məktəb və bağçalar, ictimai binalar bu prospektdə yerləşdiyindən ərazidə tez-tez qəzaların baş verməsi qaçılmaz olur.
Prospektin Bayraq meydanı ərazisi də sakinlərin ən çox istifadə etdiyi məkandır. Sakinlər diqqəti daha bir narahatedici və vacib məqama cəlb edirlər. Onların sözlərinə görə, beynəlxalq yükdaşıyan TIR-lar prospektdəki piyada keçidlərində dayanmadan, piyadaları nəzərə almadan keçirlər ki, bu da qəza şəraitini, insan həyatını təhlükədə qoyur.

Məsələ ilə bağlı rayonun baş memarı Tahir Rəcəbov bildirib ki, vətəndaşların müraciətlərindən xəbərdardırlar və bu istiqamətdə təkliflər hazırlanıb. Belə ki, Heydər Əliyev prospektinin Bayraq meydanı adlandırılan hissədə yeraltı, beşmərtəbə adlandırılan hissədə isə yerüstü keçidin tikilməsi ilə bağlı təklif hazırlanaraq aidiyyəti təşkilatlara göndərilib.
İndi qalır layihənin reallaşdırılması. Baş memar əmindir ki, bu keçidlər inşa edilərsə, şəhərin mərkəzi prospektində sıxlıq aradan qaldırılacaq, piyadaların təhlükəsizliyi təmin olunacaq.