Balaxanı neftçiləri “Konstitusiya və Suverenlik İli” minifutbol turnirinin qalibidilər
Bakı, 22 sentyabr, AZƏRTAC
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “SOCAR-2025” minifutbol turnirinin qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, sentyabrın 22-də Bakı Tennis Akademiyasında keçirilən final oyununda “Azneft” İstehsalat Birliyinin komandası “Balakhani Operating Company LTD” hasilat şirkətinin futbolçuları ilə qarşı-qarşıya gəlib. Balaxanı neftçiləri parlaq oyun nümayiş etdirərək rəqiblərinə 5:0 hesabı ilə qalib gəliblər. Eyni zamanda, qalib komandanın qapıçısı Elşad Mustafayev turnirin “ən yaxşı qapıçı” tituluna layiq görülüb.
Beləliklə, “Balakhani Operating Company LTD” ötən il “Əsrin müqaviləsi”nin 30 illiyinə həsr olunmuş “SOCAR-2024” minifutbol turnirində qazandığı qalib titulunu təkrarlayıb.
“Balakhani Operating Company LTD” komandasının oyunçusu Ələkbər Əlizadə sevinc hisslərini bölüşüb: “Oyun çox gərgin və məsuliyyətli idi. Rəqib də güclü idi və sonadək mübarizə apardı. Amma biz bütün oyun boyu diqqətimizi itirmədik, bir-birimizə güvəndik və tapşırıqları sona qədər yerinə yetirdik. Qələbəmizi Azərbaycanın suverenliyini bayram edən hər bir vətəndaşımıza həsr edirik”.
Kapitan Rəşad Quliyev isə cəmi üç il qatıldıqları SOCAR minifutbol turnirinin ikisinin qalibi olmağın qürurunu yaşayırdı: “İlboyu formada qalmaq üçün məşqlərimizi davam etdiririk. Lakin səni dəstəkləyən azarkeş toplusu, şirkətimizin rəhbərliyi qarşısında çıxış etmək tamam başqa bir hiss və məsuliyyətdir. Etimadlarını bir daha doğrultduğumuza sevindim”.