Balaxanı Sənaye Parkının rezidenti beynəlxalq mükafata layiq görülüb
Bakı, 20 aprel, AZƏRTAC
Balaxanı Sənaye Parkının rezidenti “Bioropean” MMC dünyanın ən iri auditor təşkilatlarından hesab edilən “Ernst&Young” tərəfindən Azərbaycanda keçirilən “İlin iş adamı” müsabiqəsində “Ətraf mühitə müsbət təsir” nominasiyası üzrə qalib elan edilib.
Sənaye Parkının ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, işlənmiş qida yağlarının təkrar emalı nəticəsində biodizel və texniki qliserin üçün xammal istehsal edən “Bioropean” MMC xammal kimi iaşə obyektlərindən və fərdi evlərdən yığılan tullantılardan istifadə edir. Nəticədə tullantı qida yağları düzgün idarə olunaraq, çirkab sularla birlikdə dənizə axıdılmadan və ya yenidən qida sektoruna qayıtmadan təkrar emala yönəldilir. Bu isə, öz növbəsində, ətraf mühitin və qida təhlükəsizliyinin qorunmasına böyük töhfə verir. İlik istehsal gücü 2300 ton olan “sıfr tullantı” prinsipi ilə fəaliyyət göstərən müəssisə məhsulunun 90 faizini Avropa ölkələrinə ixrac edir.
Qeyd edək ki, 10,1 hektar ərazini əhatə edən Balaxanı Sənaye Parkının 22 rezidentindən 16-sı fəaliyyət göstərir və 780-dək daimi iş yeri yaradılıb. Parka 44 milyondan çox investisiya yatırılıb.