BALTİMORDA GƏNC RƏSSAM LEYLA RZAYEVANIN SƏRGİSİ AÇILMIŞDIR
21 yaşlı Leyla Rzayeva Merilend İnstitutunun İncəsənət kollecində oxuyur və artıq öz dəst-xətti ilə seçilir. Müəllimləri rəng seçimində onun başqalarından fərqləndiyini bildirirlər. Leyla inanır ki, burada onun azərbaycanlı olması az rol oynamamışdır. O, deyir: “Mən işlərimdə həmişə rənglərin müxtəlifliyinə yer verirəm. Bakının təbiəti kiçik ağaclar, kollar, qumlu səhralıqlarla doludur. Bunların hamısı peyzajlarımda sezilir.”
Gənc rəssam işlərində yağlı boyalar və litoqrafiya - daş basması üslubuna üstünlük verir. Hər bir əsəri üzərində 5-6 saat işləyərək birnəfəsə çəkir. Deyir ki, peyzaj və ya portretə uzun müddət sərf edəndə, onu cəlb edən işıq və formalar dəyişir, mənasını itirir.
Leyla hər yay Bakıya gəlməyə çalışır. Ailəsinə baş çəkməklə yanaşı, o, hər səfərindən həm də yeni ideyalarla qayıdır. Deyir ki, çox istərdim nənəmin bağ evini, onun yanındakı daş hasarı çəkim. Məni həmişə doğma çalarlar cəlb edir.
Oktyabrın 14-də açılan və yanvar ayına qədər davam edəcək sərgidə Leylanın 19 əsəri təqdim olunmuşdur. Amma, deyəsən, sonadək nümayiş etdiriləcək bir şey qalmayacaq, çünki sərginin elə ilk günü Leylanın 6 əsəri satılmışdır. Bu isə o deməkdir ki, gənc rəssam amerikalı sənətsevərlərinin ürəyinə yol tapıbdır.