BANKLAR ÜÇÜN KADRLAR SEÇİLMİŞDİR
Ölkənin təhsil sistemində ilk təcrübə olan bu tədbir ali məktəb məzunlarının ixtisaslarına uyğun işlə təmin olunması üçün keçirilir. Bank sisteminin işəgötürənləri maliyyə-kredit fakültəsini bitirmiş gənc mütəxəssislər arasından seçim edəcəklər.
Yarmarkada Azərbaycan Milli Bankı, Azərbaycan Beynəlxalq Bankı, Kapitalbank, Atabank, Koçbank, Bank Standard, Azəri–Türk Bank, Muğan Bank, Texnikabank və s. dövlət və özəl bankların nümayəndələri iştirak etmişlər.
Universitetin rektoru, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri, professor Şəmsəddin Hacıyev, Milli Bankın idarə heyəti sədrinin birinci müavini Alim Quliyev çıxış edərək demişlər ki, yarmarka ADİU-da son zamanlar sistemli şəkildə tətbiq olunan yeni iqtisadi təhsil modelinin mühüm tərkib hissəsidir və bu zaman tədris prosesinə dövlət qurumları və özəl şirkətlər bilavasitə cəlb olunurlar.
Kadr yarmarkasında bank sektoru tərəfindən ayrılmış 60 vakant yer üçün şeçim müsabiqəsində 200 nəfərə yaxın bakalavr və magistr iştirak etmişdir. Seçimdə test, sorğu və s. formalardan istifadə edilmişdir.