Banqladeşdə yaşı 18-dən yuxarı olanlara COVID-19 peyvəndi vurulacaq
Pekin, 16 iyul, AZƏRTAC
Banqladeşdə COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində yaşı 18-dən yuxarı olan hər kəsə peyvənd vurulacaq.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə və ailə rifahı naziri Zahid Malek açıqlama verib. Nazir hazırda ölkədə 4,5 milyon doza peyvəndin olduğunu, yaxın günlərdə 150 milyon doza peyvəndin gətiriləcəyini açıqlayıb. Banqladeş indiyədək COVID-19 əleyhinə “Moderna”, “Johnson & Johnson”, "CoronaVac", “Pfizer”, “Covishield”, “Sputnik V”, “AstraZeneca” və “Sinopharm” peyvəndlərini təcili istifadə üçün təsdiqləyib. İndiyədək əhaliyə təxminən 10 milyon doza peyvənd vurulub. Ölkədə vaksinasiya prosesi fevralın 7-də başlayıb. İlkin mərhələdə xüsusi risk qrupundan olanlara peyvənd vurulub. İyul ayından isə kütləvi vaksinasiya prosesi başlayıb.
Qeyd edək ki, 166 milyon əhalisi olan Banqladeşdə mayın ortalarından etibarən “delta” ştamı da daxil olmaqla yeni növ koronavirusa yoluxmalar və ölüm halları əhəmiyyətli dərəcədə çoxalıb. Ötən sutka 12 min 236 yoluxma, virus səbəbindən 226 ölüm qeydə alınıb. Son 10 gündür sutkalıq yoluxma sayı 10 mindən çox olub. İndiyədək ölkədə 1 milyon 71 min nəfər COVID-19 infeksiyasına yoluxub, 17 min 278 nəfər pandemiyanın qurbanı olub. Hökumət yoluxma sayını nəzarət altına almaq üçün bir neçə dəfə karantin rejimini uzadıb. Hərbçilər karantin rejiminin icrasını təmin etmək üçün patrul xidmətinə başlayıb, yaşayış məntəqələrində postlar quraşdırılıb. Yalnız dövlət qurumlarının, təcili yardım və fövqəladə hallar xidmətinin avtomobillərinin hərəkətinə icazə verilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin