DÜNYA
Barbadosun Baş naziri BMT-nin növbəti Baş katibi ola bilər

Bakı, 29 sentyabr, AZƏRTAC
Barbadosun Baş naziri Mia Mottli BMT-nin yeni Baş katibi postuna namizədlər arasında favorit sayılır.
AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, BMT-nin Baş katibi postuna seçkilərin 2026-cı ildə keçiriləcəyinə baxmayaraq, bu vəzifəyə kimin namizədliyinin uyğun gəldiyi barədə söz-söhbət artıq başlayıb. Bu məsələdə tarixən coğrafi rotasiya qaydası ənənə halını alıb və BMT-nin növbəti Baş katibinin Latın Amerikası və ya Karib dənizi ölkələrindən birinin nümayəndəsi olacağı ehtimalı böyükdür.
Eyni zamanda, bəzi siyasətçilər hesab edirlər ki, qurumda kişilərin 78 illik hegemonluğundan sonra qadınların da növbəsi çatıb. BMT-nin Nyu-York şəhərindəki mənzil qərargahının kuluarlarında xanım Mia Mottli bu posta ən uyğun namizəd hesab olunur.
Dosye:
Siyasi karyerasına 1991-ci ildə başlayan Mia Mottli leyborist partiyası sıralarından Barbados parlamentinin üzvü seçilib. 1994-cü il sentyabr seçkilərində partiyasının qələbəsindən sonra təhsil, gənclər və mədəniyyət işləri üzrə nazir təyin edilib və beləliklə 29 yaşlı siyasətçi ölkə tarixində ən gənc hökumət üzvü olub. Mia Mottli 2001-ci ilin avqustunda Baş prokuror və daxili işlər naziri postlarını tutaraq Barbados tarixində bu vəzifələrdə çalışan ilk qadın statusunu qazanıb. 2002-ci ildə Baş nazirin müavini və İctimai Şuranın sədri, 2002-ci ildən 2008-ci ilədək isə İqtisadi Şurasının sədr müavini vəzifələrində çalışıb. 2018-ci il mayın 24-də keçirilən parlament seçkilərində partiyasının qələbəsindən bir gün sonra Barbadosun Baş naziri kimi and içən Mottli bu ölkənin ilk qadın hökumət başçısı olub.