“Barselona” və “Real Madrid” İspaniya çempionatında ilk dəfə məğlub olublar
Bakı, 27 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 26-da İspaniya La Liqasının altıncı turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, son çempion “Barselona” klubu səfərdə “Leqanes”ə məğlub olub (1:2). Kataloniyalılar Koutinyonun qolu sayəsində hesabı erkən açsalar da, qarşılaşmanın 52-ci və 53-cü dəqiqələrində meydan sahibləri iki qol vuraraq oyunun taleyini həll ediblər.
La Liqanın digər favoriti “Real Madrid” klubu “Sevilya”nın qonağı olub. Matçın 17-ci dəqiqəsində Andre Silva hesabı açıb. Qoldan dörd dəqiqə sonra Andre Silva dublunu rəsmiləşdirərək hesab arasındakı fərqi iki topa çatdırıb. Qarşılaşmanın 39-cu dəqiqəsində “Sevilya” klubu üçüncü dəfə “Kral klubu”nu meydanın mərkəzinə dəvət edib, Ben Yeder fərqlənib. Birinci hissə 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Oyunun ikinci hissəsində irəli atılan “Real Madrid” futbolçularının bütün cəhdlərinə baxmayaraq, hesab dəyişilməyib.
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Espanyol” - “Eybar” - 1:0
“Real Sosyedad” - “Rayo Valyekano” - 2:2
"Atletiko Madrid” - “Ueska” - 3:0
“Atletik Bilbao” - “Vilyareal” - 0:3
“Valensiya” - “Selta Viqo” - 1:1.