BAŞ DÖVLƏT YOL POLİSİ İDARƏSİNƏ 200 YENİ XARİCİ AVTOMOBİL VERİLMİŞDİR
Dövlət yol polisinin əməkdaşı, polis kapitanı Fariz Əliyev bildirmişdir ki, xidmətin səmərəli yerinə yetirilməsində patrul avtomobillərinin müasirliyinin çox böyük əhəmiyyəti vardır. Biz yeni avtomobillərdə hərəkətin təhlükəsizliyinin daha etibarlı təmin edilməsinə çalışacağıq.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov dövlət yol polisi işçiləri üçün bu sevindirici hadisənin Azərbaycan Prezidenti İlham Əliyevin daxili işlər orqanlarına böyük diqqət və qayğısının təzahürü olduğunu diqqətə çatdırdı. Nazir Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş uğurlu inkişaf xəttini bu gün Prezident İlham Əliyevin layiqincə davam etdirildiyini vurğuladı və dedi ki, müasir tələblərə cavab verən yol patrul avtomobillərinin təqdimatı iqtisadiyyatın xeyli güclənməsindən xəbər verir.
Ölkədə son illər avtomobillərin sayının sürətlə artmasını vətəndaşlarımızın iqtisadi vəziyyətinin, güzəranlarının yaxşılaşmasının göstəricisi olduğunu deyən nazir, daxili işlər orqanlarının qarşısında böyük vəzifələr durduğunu nəzərə çarpdıraraq söylədi ki, olkədə asayişin, daxili sabitliyi qorumaq, digər hüquq mühafizə orqanları ilə birlikdə bu şərəfli vəzifəni səmərəli həyata keçirmək üçün hər bir əməkdaşımız xalq qarşısında, dövlət və onun rəhbəri qarşısında öz məsuliyyətini dərindən hiss etməlidir.
Nəqliyyat vasitələrinin artmasının yol hərəkətində problemlərin yaranmasına səbəb olduğunu və bu amilin aradan qaldırılması üçün tədbirlərin görüldüyünü, yeni yolların, körpülərin, yeraltı keçidlərın salındığını deyən Ramil Usubov bildirdi ki, yol polisi, yol patrul xidməti əməkdaşlarının müasir texnika ilə təmin olunması imkan verəcəkdir ki, yol təhlükəsizliyinin təmin olunması üçün əsaslı dəyişikliklər edilsin və təhlükəsiz hərəkət təmin olunsun. Hər bir şəhər, rayon polis orqanı əməkdaşından tələb olunur ki, yolda təhlükəsizliyin təmin edilməsi üçün lazımi tədbirlər görsünlər.
Polis əməkdaşlarına yol hərəkəti iştirakçıları ilə daim normal əlaqə qurmağı tövsiyə edən nazir, bütün şəxsi heyət adından göstərdiyi diqqət və qayğıya görə Prezident, Ali baş komandan İlham Əliyevə dərin minnətdarlığını bildirdi və Azərbaycan polisinin, onun ayrılmaz hissəsi olan dövlət yol polisinin öz üzərlərinə düşən vəzifələri gələcəkdə də yüksək səviyyədə və məsuliyyətlə yerinə yetirəcəklərinə söz verdi.
Nəqliyyat vasitələrinin açarları Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təqdim olunduqdan sonra avtomobil karvanı mərasim iştirakçılarının önündən keçdi.