REGİONLAR
Baş konsul Asip Kaya: Dövlət çevrilişi cəhdinin qarşısı hakimiyyət-xalq birliyi sayəsində alındı



Naxçıvan, 15 iyul, AZƏRTAC
Türkiyə Respublikasının Naxçıvandakı baş konsulluğunda 15 İyul – Demokratiya və Milli Birlik Gününün 8-ci ildönümü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə hər iki ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının rəsmi şəxsləri iştirak ediblər.
Sonra şəhidlərin ruhuna dualar, müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.
Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya çıxış edərək bildirib ki, tarixin ağır sınaqlarından üzüağ çıxan türk xalqı 2016-cı il iyulun 15-də böyük qəhrəmanlıq göstərərək, ölkədə hərbi çevriliş cəhdinin qarşısını alıb. Əliyalın insanlar tankların, silahlı qiyamçıların qarşısına çıxaraq dövlətin, qanuni hakimiyyətin müdafiəsini təmin edib, demokratiyaya sadiqliyini göstərib. Türkiyənin dövlətçilik tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan həmin gün cəsur insanlar öz həyatları bahasına da olsa, qiyamçıların hakimiyyəti ələ keçirməsinə imkan verməyib. Dövlət çevrilişi cəhdinin qarşısı hakimiyyət-xalq birliyinin möhkəm həmrəyliyi sayəsində alınıb. Bu zaman Türkiyə 251 şəhid verib.
Sonra çıxış edən AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, 8 il əvvəl Türkiyə xalqı separatizmə qalib gələrək ölkənin bütövlüyünü qorudu. Bir çox məsələdə olduğu kimi, bu dəfə də Azərbaycan Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə sadiqliyini nümayiş etdirdi, Azərbaycan bütün gücü ilə Türkiyənin yanında oldu. Hadisənin ilk anlarından böyük narahatlığını bildirən Prezident İlham Əliyev Türkiyə dövlətinə olan dəstəyini açıq şəkildə ifadə etdi.
Tədbirdə Demokratiya və Milli Birlik Günü ilə bağlı videoçarx da nümayiş olunub.