Baş leytenant Xəyal Qurbanov: Qələbə sevincini yaşamaq başqa hissdir…
Bakı, 3 iyul, AZƏRTAC
O, Vətən müdafiəçilərindən biri olub. Ötən il sentyabrın 27-də Ermənistanın hərbi birləşmələrinin cəbhə xəttində törətdiyi təxribatlara əks-hücum əməliyyatı ilə cavab verən Azərbaycan Milli Ordusunun döyüşçülərindən olan Xəyal da minlərlə gənc həmkarı kimi silaha sarılıb. Ağır, çətin və məhrumiyyətlərlə dolu döyüş yolu keçib. Lakin hər anı ölümlə, təhlükə ilə dolu yolun sonunda Zəfər sevincini yaşamaq ona nəsib olub. Elə özü də belə deyir: “30 ilə yaxın işğal altından azad edilən torpaqlara ilk qədəm qoyanlardan olmaq qürurverici hissdir. Bu, çox gözəl və qeyri-adi bir hissdir. Yaşadığım həmin duyğulu anları yəqin ki, heç vaxt unutmayacağam…”
AZƏRTAC xəbər verir ki, Xəyal Tanrıverdi oğlu Qurbanov 1983-cü il fevralın 4-də Gəncədə doğulub və Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Aqrar iqtisadiyyat və menecment fakültəsini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanıb. Əsgəri xidmətini başa vurub qayıtsa da, 2016-cı ildə “Aprel döyüşləri”ndən sonra zabit hazırlığı kurslarına yazılıb. Milli Ordunun baş leytenantı Murovdağ, Talış və Təpəkənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 19-da “Kəhrilər” əməliyyatını icra edərkən piyada əleyhinə minaya düşərək sol ayağını itirib.
O, "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Vətən müharibəsi qazisi göstərilən dövlət qayğısından və səhhətindəki irəliləyişdən razılıq edib: “Sol ayağımı itirsəm də, aparılan düzgün müalicə nəticəsində, özümü daha yaxşı hiss edirəm. Dövlət tərəfindən müasir protezlə təmin olunmuşam. Elə həmin protez sayəsində heç kimin yardımı olmadan gündəlik işlərimi sərbəst və rahat şəkildə həll edirəm”.