Baş Prokurorluq vətəndaşın sabiq müstəntiqə rüşvət verməsi ilə bağlı məlumatları təkzib edib
Bakı, 16 aprel, AZƏRTAC
Bəzi kütləvi informasiya vasitələrində vətəndaş Kamal Kamilovun Binəqədi Rayon Polis İdarəsinin sabiq müstəntiqi Tural Aslanova rüşvət verməsi barədə müraciətinin prokurorluq orqanları tərəfindən araşdırılmaması barədə məlumatlar yayılıb.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər.
Bu məlumat təkzib olunmaqla bildirilir ki, Kamal Kamilovun qeyd edilən müraciəti üzrə Bakı şəhərinin Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılıb və müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapmadığından 2020-ci il iyulun 4-də cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunub. Həmin qərar barədə Kamal Kamilov məlumatlandırılmaqla ona qərardan şikayət vermək hüquqları izah edilib.
Bununla yanaşı, bildirilir ki, Kamil Kamilovun oğlu İsmət Kamilovun təqsirləndirildiyi cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və məhkəmə tərəfindən ittiham hökmü çıxarılıb.