CƏMİYYƏT
Baş Prokurorluqda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı təlim
Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycanda sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyənləşdirilib. Aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri edir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə keçirilmiş əməliyyat müşavirəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət işləri üzrə təcrübədə yol verilən nöqsan və pozuntuların qarşısının alınması məqsədilə təlimlərin davam etdirilməsi qərara alınıb. Baş prokurorun 2022-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən daxili işlər orqanlarının əməkdaşları üçün “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin tövsifinin, habelə bu qəbildən olan işlərin istintaqının maddi əsasları və prosessual qaydaları” mövzusunda təlim təşkil edilib. Təlim üzrə tədris tədbirləri bu ilin dekabrın 6-dan 8-dək dinləyiciləri iş yerindən ayırmadan, distant formada “Zoom” proqramı vasitəsilə və canlı vaxt rejimində həyata keçirilib.
Təlimə 19 inzibati ərazi vahidində ibtidai istintaq sahəsində xidmət edən polis orqanlarının 13 bölmə (şöbə) rəisi, 8 baş müstəntiqi və 38 müstəntiqi dinləyici qismində cəlb olunub. Tədbirdə təlimçi qismində isə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin, Dövlət ittihamının müdafiəsi, Daxili işlər orqanlarının, habelə Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarələrinin peşəkar işçiləri iştirak ediblər.
Təhlil materiallarından və müasir informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə etməklə, təlim çərçivəsində dinləyicilərə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı milli mübarizə strategiyası, bu sahədə olan problemlərin mahiyyəti və aktuallığı, xarici ölkələrin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə təcrübəsi, bu növ cinayətlərin tövsifi məsələləri və istintaq metodikası tədris olunub.