İDMAN
Basketbol yığmasının yeni baş məşqçisi: İki yerdə işləmək mənə problem yaratmayacaq
Bakı, 6 dekabr, AZƏRTAC
"Məni bu vəzifəyə layiq gördüyü üçün Azərbaycan Basketbol Federasiyasına təşəkkür edirəm. Yığmada çıxış edən oyunçuların 40 faizi mənim yetirmələrimdir".
Bu sözləri AZƏRTAC-a açıqlamasında basketbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Tahir Baxşıyev təyinatı barədə danışarkən deyib.
Mütəxəssis bildirib ki, müqavilə müddəti dünya çempionatının təsnifat mərhələsinin sonuna kimidir: “Hədəfimiz qrupdan çıxmaqdır. Bunun üçün çalışacağıq. Oyunçuların hamısını çox yaxşı tanıyıram".
“NTD-İndiqo” komandasına da başçılıq edən çalışdırıcı iki yerdə işləməyin onun üçün çətin olmayacağını söyləyib: “Milli komandanın oyunları gec olduğu üçün bu amil mənə problem yaratmayacaq. Həm də basketbolçular öz çempionatımızda çıxış edirlər. Buna görə rahatam".
T. Baxşıyev Anar Sarıyevi yığmada özünə köməkçi seçməsinin səbəbini də açıqlayıb: "Onu yaxşı tanıdığım üçün mənimlə işləməyini istədim. Digər mütəxəssis isə əcnəbi olmalı idi. Federasiya bir neçə nəfərlə danışıq aparırdı. Lakin mən yığmaya ispaniyalı Alberto Blankonun gətirilməsini Federasiyadan xahiş etdim. Onlar da mənim fikrimə hörmətlə yanaşdılar”.