Başlıbellilərin qəhrəmanlığı xalqımızın əzmkarlıq ruhunun parlaq nümunəsidir
Bakı, 18 aprel, AZƏRTAC
Başlıbel kəndində mühasirədə qalan uşaq, qoca və qadınların həyatını xilas etmək naminə fədakarlıq göstərən insanların qəhrəmanlığı, son damla qanlarına qədər mübarizə aparmaları xalqımızın əzmkarlıq ruhunun parlaq nümunəsidir. Ermənilər Başlıbel kəndini işğal edərkən hər zaman olduğu kimi, xalqımıza qarşı bu dəfə də qəddarlıqlarından əl çəkmədilər. Ermənilər iki ayağı olmayan kənd sakinini diri-diri yandırdılar. Başlıbelin 76 sakini mühasirədə qalmasına baxmayaraq, 113 gündən sonra cəmi 29 nəfər Daşkəsən ərazisinə keçə bildi. Qalanları ermənilər tərəfindən ya qətlə yetirildi, ya da girov götürüldü.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri kimya elmləri doktoru, professor Əli Zalov söyləyib. O bildirib ki, azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri zamanı ermənilərin törətdikləri digər vəhşiliklərin də üstü açılıb. Belə ki, işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində 2022-ci ilin oktyabrın 4-də daha bir kütləvi məzarlıq aşkarlanıb. Aşkarlanan qalıqlardan görünür ki, qətlə yetirilməmişdən əvvəl həmin şəxslərin əlləri və ayaqları məftil və ya kəndirlə bir-birinə bağlanıb. On iki nəfərin bir yerdə qeyri-insani formada torpağa basdırılması işgəncə, əzab barədə düşünməyə əsas verir. Onların hər birinin əlləri yuxarıdadır, sümüklərində zədələr və xəsarətlər var. Kəllə sümüklərinin qırıqları onlara küt alətlə də xəsarət yetirildiyini göstərir.
Bütün bu dəhşətli olaylara baxmayaraq, işğalçı Ermənistan beynəlxalq miqyasda hələ də xalqımıza qarşı törətdiyi bu cinayətlərinə görə cavab verməyib. Ancaq düşmənlərimiz yaxşı başa düşürlər ki, onların dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi müharibə cinayətlərinə görə məsuliyyətdən qaça bilməyəcəklər. Azərbaycan dövləti bütün bu cinayət faktlarını qeydə alır, ciddi araşdırır, cinayətdə əlləri olanların cavab verməsini tələb edəcək.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcərimiz bir şəhid belə vermədən azad olundu. Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük haqq savaşımızda Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məğlub etdi, işğala və bu cür zülmlərə son qoydu. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi.