Batumidə Anım Gününə həsr olunmuş tədbir keçirilib
Tbilisi, 26 sentyabr, AZƏRTAC
Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğunun təşəbbüsü və SOCAR Kulevi Neft Terminalının təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Baş Konsulluğun əməkdaşları, terminalın rəhbərliyi və kollektivi, SOCAR Acarıstanın rəhbərliyi, yerli diaspor təşkilatının nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi istiqamətində xüsusi təyinatlı qüvvələrin əməliyyatını əks etdirən film nümayiş olunub.
Azərbaycanın baş konsulu Fuad Əzizov çıxış edərək 27 Sentyabr – Anım Gününün xalqımız üçün xüsusi mənəvi əhəmiyyət daşıdığını vurğulayıb, şəhidlərin əziz xatirəsinin daim ehtiramla yad ediləcəyini söyləyib.
Baş konsul Azərbaycanın və Gürcüstanın müstəqillik uğrunda mübarizəsindən söz açıb, ərazi bütövlüyü və suverenlik uğrunda aparılan mübarizə haqqında məlumat verib.
Daha sonra Kulevidəki Qara Dəniz Terminalının rəhbəri İsmayıl Kərimov çıxış edərək, tədbirin əhəmiyyətindən danışıb.
Qeyd edək ki, sükut dəqiqəsi zamanı terminalın ərazisində Qara dənizin sahil sularında sıralanan xarici gəmilərdən ehtiram əlaməti olaraq siqnal verilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi