Batumidə Xocalı soyqırımının qurbanları anılıb
Tbilisi, 26 fevral, AZƏRTAC
Azərbaycanın Batumidəki baş konsulluğunda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Baş konsul Fuad Əzizov çıxış edərək Xocalıda baş vermiş faciənin tarixi-siyasi mahiyyəti, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və mülki əhaliyə qarşı törədilmiş misilsiz vəhşiliklər barədə ətraflı məlumat verib. Bildirilib ki, 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edilib, nəticədə 613 dinc sakin qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Yüzlərlə insan yaralanıb, 1275 nəfər əsir götürülüb, taleyi naməlum qalan şəxslər olub.
Tədbirdə faciənin canlı şahidi olmuş Xocalı sakini mərhum İlham Quliyevin xatirəsi də ehtiramla yad edilib.
Anım mərasimində Batumidə fəaliyyət göstərən M. F. Axundov adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyətinin sədri Rövşən Namazov, Azərbaycan Dövlət Neft Şirkətinin Acarıstan Muxtar Respublikasındakı nümayəndəliyinin rəhbəri Səfər Əli-zadə, SOCAR Kulevi Neft Terminalının rəhbəri İsmayıl Kərimov və kollektivi, yerli ictimaiyyət nümayəndələri, bölgədə yaşayan azərbaycanlılar, tələbələr və başqaları iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi