BBVB-NİN VALYUTA BÖLMƏSİNDƏ DÖVRİYYƏ 996,238 MİLYON AZN TƏŞKİL ETMİŞDİR
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, valyuta bölməsində hərracların ümumi dövriyyəsində bağladıqları əqdlərin payına görə birjanın valyuta bazarının lider bankları sırasına Azərbaycan Beynəlxalq Bankı, “UniBank” ASC, “Azəriqazbank” səhmdar-sərmayə bankı, “Bank of Baku” səhmdar-kommersiya bankı və “Kapital bank” səhmdar bankı daxildirlər.
BBVB-nin valyuta bölməsində keçirilən hərraclarda sentyabr ayında 22 bank iştirak etmişdir. Hesabat dövründə EHBS-də 42 ticarət sessiyası keçirilmiş və 120 əqd bağlanmışdır. ABŞ dolları üzrə hərracların həcmi 146 milyon 514 min AZN və ya 166,988 milyon ABŞ dolları təşkil etmişdir. Əvvəlki ayla müqayisədə valyuta bölməsində hərracların həcmi 56,84 faiz azalmışdır. Bu ilin 9 ayının yekunlarına görə BBVB-nin valyuta bölməsində dövriyyə manat ekvivalenti ilə 996,238 milyon olmuşdur ki, bu da 2005-ci ilin yanvar-sentyabr aylarına nisbətən 1,86 dəfə çoxdur.
Ötən ay milli valyutanın birja məzənnəsi 0,59 faiz möhkəmlənmiş və 0,8802-dən 0,8750-yə çatmışdır. Nəticədə manatın dollara nisbətdə orta hesablanmış məzənnəsi sentyabr ayında 1 USD üçün 0,8774 AZN olmuşdur, halbuki avqustun yekunlarına görə bu göstərici 0,8858-ə bərabər idi. Bu il milli valyutanın məzənnəsi ABŞ dollarına nisbətdə 4,38 faiz möhkəmlənmişdir.