BDU-nun dekanı: Meliorasiya mühəndisliyi ixtisası üzrə bacarıqlı mütəxəssislər hazırlanacaq
Bakı, 27 sentyabr, AZƏRTAC
Geologiya fakültəsində yeni ixtisas - meliorasiya mühəndisliyi ixtisası üzrə mütəxəssis hazırlığına başlanıb. Bu ixtisasa yiyələnən məzunlar əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə etmək üçün həyata keçirilən kompleks meliorasiya tədbirlərini öyrənəcək və geniş profilli mütəxəssis kimi hazırlanacaq.
Bu fikirləri fakültənin dekanı Mamoy Mansurov AZƏRTAC-a müsahibəsində açıqlayıb.
M.Mansurov qeyd edib ki, meliorasiya mühəndisliyi ixtisası üzrə tədris planı, tədris planına uyğun olaraq fənlər üzrə sillabuslar, proqramlar, metodik göstərişlər, dərslik, dərs vəsaitləri hazırlanıb. Tədrisin keyfiyyətini təmin etmək məqsədilə tələbələrə laboratoriya, məşğələ dərslərinin səmərəli aparılması üçün tədris xəritələri hazırlanıb, yeni informasiyaların əldə olunması üçün proqram təminatı əldə edilib.
İxtisas üzrə tədrisin təşkil edilməsi üçün həm də “Meliorasiya Elmi Tədqiqat İnstitutu” MMC-nin, Hidrogeoloji-meliorativ xidmət və suların istifadəsinə-mühafizəsinə nəzarət idarəsinin, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun alimləri, aparıcı mütəxəssisləri dəvət edilib. İxtisas üzrə təhsil alan tələbələrin “Meliorasiya Elmi Tədqiqat İnstitutu” MMC-nin tabeliyində olan təcrübə stansiyalarına (Saatlı rayonu Cəfərxan kəndi və Ucar rayonu Meliorasiya Təcrübə Stansiyaları) ekskursiyalarda və ardıcıl olaraq çöl-istehsalat təcrübələrində iştirakı nəzərdə tutulur.
“Universitetdə Meliorasiya mühəndisliyi ixtisası üzrə bacarıqlı mütəxəssislərin hazırlanması məqsədilə digər lazımi tədbirlər də həyata keçiriləcək”,- deyə M.Mansurov qeyd edib.