BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin uğurları
Bakı, 29 iyul, AZƏRTAC
2020-2021-ci tədris ili Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyi üçün uğurlu olub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, lisey “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq bilikli və innovativ düşüncəyə malik vətənpərvər gənclərin yetişdirilməsinə xidmət edir.
Liseydə 622 şagird təhsil alır. 2020-2021-ci tədris ilində “Sabahın alimləri” onuncu respublika müsabiqəsində liseyin 21 şagirdi kompüter elmləri, kimya, riyaziyyat, fizika və astronomiya, biologiya, ekologiya, ətraf mühitin idarə olunması kimi sahələr üzrə müxtəlif mövzularda layihələrlə çıxış edib və 3 layihə 1-ci yerə, 5 layihə 2-ci yerə, 3 layihə 3-cü yerə və 1 layihə isə xüsusi mükafata layiq görülüb. 1-ci yerə layiq görülmüş 2 layihə ölkəmizi ABŞ-da təşkil olunmuş Intel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində təmsil edib. Bu nəticələrlə lisey respublika üzrə ilk yerdə qərarlaşıb.
Liseyin şagirdləri müxtəlif ölkələrdə keçirilən bilik yarışmalarında uğurla çıxış edib, respublika və beynəlxalq olimpiadalarda 10 medal - 2 qızıl, 2 gümüş, 6 bürünc medal qazanıblar. Liseyin 10-cu sinif şagirdi Nəriman Şirinli PolyUp Azərbaycan müsabiqəsində 2-ci yer tutaraq beynəlxalq müsabiqəyə vəsiqə qazanıb və 55-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında bürünc medala, 11-ci sinif şagirdi Xanlar Abbasov Con Fon Neyman adına Macarıstan Beynəlxalq riyaziyyat olimpiadasında həvəsləndirici mükafata layiq görülüblər.
Respublika Fənn Olimpiadasında liseyin 10-cu sinif şagirdləri Nəriman Şirinli kimya üzrə və Rəfsan Həbubullayev fizika üzrə qızıl medal, 11-ci sinif şagirdi Xanlar Abbasov və 6-cı sinif şagirdi Süleyman Abdulla isə informatika üzrə bürünc medal qazanıblar.
Lütfi Zadə adına Məntiq Olimpiadasında 5-ci sinif şagirdləri Cahangir Zeynallı və Əli Nəsirli gümüş medala, Fəridə Cəfərova və Turqut Hüseynli isə bürünc medala layiq görülüblər.
Ölkəmizi Avropa Fizika Olimpiadasında (EuPhO-2021) təmsil edən liseyin 10-cu sinif şagirdi Rəfsan Həbubullayev həvəsləndirici mükafata layiq görülüb.
Təhsil ocağının uğurları BDU tərəfindən liseydə yaradılmış şəraitlə və tədrisin müasir tələblərə uyğun səviyyədə qurulması, müəllimlərin tədrisdə müasir təlim texnologiyalarından istifadə etmələri ilə bağlıdır.