BƏƏ-nin müvəqqəti işlər vəkili: Azərbaycandakı multikulturalizmə və tolerantlığa heyran qalmışam
Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycandakı multikulturalizm və tolerantlığa heyran qalmışam. Azərbaycanda müxtəlif xalqların nümayəndələrinə böyük hörmətlə yanaşılır.
Bunu AZƏRTAC-a açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Abdalla Əl-Şəmsi deyib.
Diplomat, eyni zamanda, qeyd edib ki, Azərbaycan dini dözümlülüyü təbliğ edir, müxtəlif dinlərin nümayəndələrinin inanclarına ehtiram göstərir, ölkə cəmiyyətində insani dəyərlər mühüm yer tutur.
BƏƏ ilə İsrail arasında imzalanan İbrahim razılaşmasından söz açan müvəqqəti işlər vəkili bildirib ki, bu, bölgədə sülhün bərqərar olması baxımından vacib addımdır, bölgənin xalqları və gələcək nəsillər üçün daha yaxşı gələcək vəd edir.
“Ərəb dövlətləri ilə İsrail arasında münasibətləri tənzimləyərkən fərqli bir yanaşma tətbiq etdik, dialoq və tolerantlığa üstünlük verdik. BƏƏ müxtəlif sahələrdə mütərəqqi ölkədir. Eləcə də bölgəmiz iqtisadiyyat, qabaqcıl elm və elmi araşdırmalar sahələrində böyük potensiala malikdir. Bu potensialdan istifadə etmək, daha yaxşı imkanlar yaratmaq, inteqrasiya və birgə əməkdaşlığı inkişaf etdirmək üçün yeni platformalar yaradılacaq”, - deyə o qeyd edib.
Abdalla Əl-Şəmsi diqqətə çatdırıb ki, BƏƏ ilə İsrail arasında daha konstruktiv əməkdaşlıq və inteqrasiya, eləcə də bu iki ölkənin bir çox sahələrdəki əlaqələrinin möhkəmləndirilməsi, heç şübhəsiz, regional inkişafa töhfə verəcək.