BELÇİKADA 2004-CÜ İL “AZƏRBAYCAN İLİ” ELAN OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, lobbiçiliklə məşğul olan Belçika Azərbaycan Evi 2004-cü ildə Azərbaycanı Avropa miqyasında daha geniş tanıtmaq üçün müxtəlif tədbirlər planı hazırlamışdır. Cənab Bülənt Gürcam demişdir ki, dünyanın və Avropanın ən nüfuzlu təşkilatlarının yerləşdiyi Brüsseldə 20 yanvar faciəsinin 14-cü ildönümü ilə əlaqədar anma mərasimi təşkil olunmuşdur. Fevralın 26-da isə Avropa Parlamentinin binası qarşısında Xocalı soyqırımı ilə bağlı tədbir keçiriləcəkdir. Avropalı deputatlara, şəhər ictimaiyyətinə və turistlərə ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri əks etdirən audio-video materiallar, fotoşəkillər və digər lazımi sənədlər paylanacaqdır. Bundan başqa, mədəni tədbirlərin keçirilməsi də nəzərdə tutulmuşdur. Novruz bayramında bayram şənlikləri təşkil olunacaqdır.
Mətbuat konfransında bildirilmişdir ki, Belçika hökumətinin təşəbbüsü ilə martın 21-22 və 23-də Azərbaycan, Gürcüstan və Ermənistan xalqlarının rəsm əsərlərindən, filmlərindən və digər mədəni irsindən ibarət sərgisi təşkil ediləcəkdir. Belçika Azərbaycan Evi isə ayrıca Azərbaycanın xalq yaradıcılığı, rəsm əsərləri, milli filmlərindən ibarət sərgi keçirəcəkdir. Brüsseldə keçiriləcək Beynəlxalq dil festivalında belçikalı uşaqlara Azərbaycan dilinin incəlikləri ilə bağlı məlumatlar veriləcəkdir. Bu cür tədbirlər 2003-cü ildə də keçirilmişdir.
Bülənt Gürcam vurğulamışdır ki, rəhbərlik etdiyi qurum Prezident Heydər Əliyevin tövsiyələrinə uyğun olaraq, Azərbaycanla Belçika, eləcə də Avropa ölkələri arasında əlaqələrin inkişaf etdirilməsinə öz töhfəsini verməyə çalışır. Bu məqsədlə Almaniya, Fransa, Hollandiya və digər Avropa ölkələrindəki diaspor təşkilatları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstəriləcəkdir.
Belçika Azərbaycan Evi gördüyü işlərlə bağlı Azərbaycan ictimaiyyətinə ətraflı məlumat vermək üçün Bakıda “Avropa xəbər” qəzeti buraxmağı nəzərdə tutur.