Bələdiyyə ödənişlərinin nağdsız aparılması imkanları müzakirə edilib
Bakı, 7 aprel, AZƏRTAC
“Bələdiyyələrdə nağdsız ödənişlərin təşviq edilməsi və çətinliklərin müzakirəsi” mövzusunda onlayn görüş keçirilib. Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının təşkilatçılığı ilə keçirilən görüşdə yerli (bələdiyyə) büdcəyə ödənişlərin mərkəzləşdirilmiş qaydada toplanılmasında HÖP (Hökumət Ödəniş Portalı) platformasının imkanlarından daha geniş formada istifadə edilməsi məsələləri müzakirə edilib.
Bələdiyyələrin Milli Assosiasiyalarından AZƏRTAC-a bildirilib ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Azərbaycan Banklar Assosiasiyası və Mərkəzi Bankın əməkdaşlarının da iştiraki ilə keçirilən görüşdə ölkə bələdiyyələrinin yerli vergi və ödənişlərin aparılması proseslərində şəffaflığın, hesabatlılığın tam təmin olunması barədə fikir mübadiləsi aparılıb. İyirmi altı bankın nümayəndəsinin iştirak etdiyi onlayn görüşdə bələdiyyə ödənişlərinin yalnız HÖP vasitəsilə aparılması imkanları müzakirə edilib.
“Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi” MMC-nin direktoru Adil Əhmədov qeyd edib ki, bələdiyyələrdə gəlir və xərclərin düzgün uçotunun aparılması məqsədilə bütün ödənişlərin HÖP üzərindən həyata keçirilməsi bu sahədə şəffaflığı artıracaq.
Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov banklarla əməkdaşlığın daha effektli və bu sahədə birgə maarifləndirmə tədbirlərinin təşkil edilməsinin zəruriliyini vurğulayıb.
Daha sonra Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Əli Əkbərli deyib ki, ölkə ərazisində 1606 bələdiyyəni təmsil edən Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən bələdiyyələrdə vergi uçot sisteminin düzgün qurulması onların maliyyə imkanlarının kifayət qədər gücləndirməsinə şərait yaradacaq. Bu sahədə hesabatlılığın və şəffaflığın təmin edilməsi bələdiyyələrin normal fəaliyyətinin təşkili üçün vacib şərtlərdəndir. Bu məqsədlə milli assosiasiyalar tərəfindən Prezident Administrasiyasının dəstəyi ilə “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” (BAMS) yaradılıb və ölkə bələdiyyələrində tətbiqinə başlanılıb. Görüşdə Azərbaycan Prezidentinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”da bələdiyyələrin gəlir və xərclərinin vahid portalının yaradılması və bütün bələdiyyə xərclərinin portal vasitəsilə həyata keçirilməsi tədbirinin icrası ilə əlaqədar həyata keçirilmiş məsələlərə toxunulub.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin nümayəndəsi İsrafil Mustafayev qeyd edib ki, bütün bələdiyyə ödənişləri vahid portal, yəni HÖP üzərindən aparılması həm də korrupsiya hallarının qarşısını alacaq.
İşçi qaydada aparılan müzakirələrdə Azərbaycan Banklar Assosiasiyasının və Mərkəzi Bankın əməkdaşları tərəfindən müzakirə olunan məsələ ilə bağlı banklara müvafiq tövsiyələr verilib.