Bərbər ixtisası üzrə qiymətləndirmədə yüksək nəticə əldə edənlərə sertifikat təqdim olunub
Bakı, 1 mart, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyində ölkə ərazisində mövcud karantin rejiminin tələblərinə riayət olunaraq bərbər ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsinə dair imtahanlarda yüksək nəticə əldə etmiş ərizəçilərə müvafiq sertifikatlar təqdim edilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Qiymətləndirmə Komissiyasının üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Fuad Mehdizadə, “D.İ.” Studionun rəhbəri Dmitri İskakov, “SHER Academy”nin rəhbəri Rövşən İsmayılov və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin istehsalat təlimi müəllimi Mərziyə İsmayılova və ərizəçilər iştirak ediblər.
Tədbirdə hesabat xarakterli videotəqdimat edilib, qeyri-formal və informal təhsilin tanınması üzrə bərbər ixtisasının müvafiq modulları əsasında keçirilmiş imtahan nəticələri barədə ətraflı məlumat verilib.
Xatırladaq ki, fevralın 15-də agentliyin təşəbbüsü və “Beauttech” MMC-nin təşkilati dəstəyi ilə bərbər ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi həyata keçirilib.