SİYASƏT
BERLİNDƏ BƏSTƏKAR ARİF MİRZƏYEVİN 65 İLLİK YUBİLEYİ QEYD EDİLMİŞDİR
Berlin, 16 may (AZƏRTAC). Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) təşkilatçılığı və Azərbaycan səfirliyinin dəstəyi ilə bəstəkar, uzun illər Almaniyada yaşayıb yaradan Arif Mirzəyevin anadan olmasının 65 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
AAKM-nin təşəbbüsü ilə keçirilən “Alman-Azərbaycan mədəniyyət körpüləri” silsiləsindən olan bu tədbir iki xalq arasında mədəni-ictimai münasibətlərin inkişafına bir töhfə kimi nəzərdə tutulmuşdur.
AAKM-nin icraçı direktoru Samira Patser-İsmayılova mədəni əlaqələrin əhəmiyyətindən, Arif Mirzəyevin yaradıcılığının əsas xüsusiyyətlərindən danışmış, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin göndərdiyi təbrik məktubunu bəstəkara təqdim etmişdir.
Səfirliyin birinci katibi Almaz Məmmədov Arif Mirzəyevi bu əlamətdar gün münasibətilə səfirlik adından təbrik etmiş, onun sənəti haqqında qiymətli sözlər söyləmiş, səfirin imzaladığı təbrik məktubunu təqdim etmişdir.
Arif Mirzəyevin yaradıcılığını uzun illər izləmiş Yurgen Şmit öz təəssüratlarını bölüşmüş və onun haqqında çəkdiyi filmi nümayiş etdirmişdir. Nümayişin sonunda bəstəkarın “Nyu-York passionu” əsərinin videoyazısı səsləndirilmişdir.
Bakı-Berlin qalereyasının rəhbəri, rəssam İbrahim Əhrari, Podstam Universitetinin professoru Furman, Berlin Unversitetinin professoru Flader, Berlin İncəsənət Akademiyasının professoru Ləman Dadaşlı və başqaları bəstəkarı təbrik etmişlər.
Arif Mirzəyev öz yaradıcılıq planlarından danışmış, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür etmiş, fortepianonu “dilləndirmişdir”.
Tədbirdə “Köhnə Bakı” fotosərgisi nümayiş etdirilmiş, Arif Mirzəyevin şərəfinə ziyafət verilmişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
######