BERLİNDƏ BEYNƏLXALQ QAÇQINLAR VƏ MƏCBURİ KÖÇKÜNLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Berlin, 23 iyun (AZƏRTAC). Berlində Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin (AAƏM) təşəbbüsü ilə Alman-Azərbaycan Həmrəylik Cəmiyyəti (AAHC) ilə birlikdə Beynəlxalq Qaçqınlar və Məcburi Köçkünlər Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AAHC-nin sədri İsmayıl Əmikişiyev tədbirin əhəmiyyətini vurğulamışdır.
AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmayılova isə Beynəlxalq Qaçqınlar və Məcburi Köçkünlər Gününün yaranma tarixi haqqında məlumat vermişdir. O bildirmişdir ki, 2000-ci il dekabrın 4-də BMT-nin qərarı ilə 20 iyun Beynəlxalq Qaçqınlar və Məcburi Köçkünlər Günü elan edilmişdir. 2001-ci ildə BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının təsis edilməsinin 50 illik yubileyi qeyd olunmuş və Beynəlxalq Qaçqınlar və Məcburi Köçkünlər Günü də həmin tarixdən qüvvəyə minmişdir. Artıq 9 ildir ki, dünya ictimaiyyəti bu tarixi qeyd edir, bütün bəşəriyyətin problemi olan qaçqın və məcburi köçkün mövzusuna bir daha diqqət yönəldilir. S.Patzer-İsmayılova Azərbaycan diasporunun bu tarixi ilk dəfə qeyd qtdiyini də qonaqların diqqətinə çatdırmışdır.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndəsi E.Əliyev öz çıxışında Azərbaycan tarixində 200 ildən artıq mövcud olan qaçqın və məcburi köçkün problemindən danışmış, bu problemi əks etdirən sarsıdıcı fakt və rəqəmləri açıqlamışdır. O, həmçinin Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, onların həyat şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlər barədə geniş məlumat vermişdir.
Səfirliyin əməkdaşı Fikrət Axundov Almaniyada məskunlaşmış qaçqınların sosial problemlərinin həllindən söhbət açmışdır.
Dağlıq Qarabağdan, Ermənistan ərazisindən qaçqın düşmüş və indi Almaniyada yaşayan cəmiyyət üzvləri öz mənəvi sarsıntılarını, Vətən həsrətlərini tədbir iştirakçıları ilə paylaşmış, üzləşdikləri problemləri açıqlamış, eyni zamanda mövzu ilə bağlı qonaqlara suallar vermişlər.
Tədbirdə aparılan müzakirələrdə qaçqın və məcburi köçkün soydaşlarımızın taleyinə biganə qalmamağın, onların problemlərinin həllinə diqqət göstərməyin vacibliyi vurğulanmışdır.
AAKM-nin rəhbərliyi Ermənistandan deportasiya olunmuş və Dağlıq Qarabağ müharibəsi zamanı ev-eşiyini, doğma torpağını itirmiş, indi Almaniyada yaşayan azərbaycanlılardan ibarət işçi qrupun yaradılmasını təklif etmişdir. Çünki canlı şahid kimi məhz onların vasitəsilə Almaniya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin təqdim olunmasının əhəmiyyəti daha böyükdür.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin