Berlində keçirilmiş mitinqin iştirakçıları erməni hərbçilərinin Xocalıda törətdiyi cinayətləri pisləmişlər
Berlin, 26 fevral (AZƏRTAC). Erməni silahlı dəstələri tərəfindən Xocalıda törədilmiş dəhşətli cinayətin 20-ci ildönümü ilə əlaqədar Almaniya paytaxtının mərkəzində, Kayzer Vilhelm kirxasının qarşısındakı meydanda mitinq keçirilmişdir.
Almaniya azərbaycanlılarını əlaqələndirmə mərkəzi (AAƏM) və “Almaniyada Azərbaycan Evi” tərəfindən birgə təşkil edilmiş bu mitinqin iştirakçıları arasında aksiyada Azərbaycan diasporunun nümayəndələri, Almaniya paytaxtının qonaqları, Almaniya ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə yanaşı, soyqırımı dəhşətlərinin canlı şahidləri - “Almaniyada Xocalı günləri” silsilə tədbirlərində iştirak etmək üçün buraya gəlmiş Xocalı sakinləri də vardı.
Tədbirə toplaşanlar erməni silahlı dəstələri tərəfindən insanlığa qarşı törədilmiş cinayət və 1949-cu il Cenevrə Konvensiyasının Ermənistan tərəfindən pozulması barədə məlumatı Almaniya ictimaiyyətinə çatdırmaq məqsədilə şəhər sakinlərinə sənədli sübutlar - amansızcasına güllələnmiş uşaqların, qadınların və qocaların fotoşəkillərini təqdim etmişlər. Erməni işğalçılarının cinayətlərindən bəhs edən, müxtəlif dillərdə hazırlanmış çoxlu mətbu materiallar masalar üzərində düzülmüşdü. Bu materiallar arasında Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş kitabçalar xüsusi yer tuturdu.
Mitinqdə çıxış edənlər 20 il bundan əvvəl baş vermiş faciə, Ermənistan Respublikası tərəfindən Azərbaycana qarşı təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi, bir milyon insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi barədə məlumat vermişlər. Tədbirin fəal iştirakçıları oradan keçən insanlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və Yerevanın təcavüzkar siyasəti barədə informasiyanı əks etdirən lifletlər paylamışlar.
AAƏM-nin icraçı direktoru Samirə Patser-İsmayılova AZƏRTAC-ın müxbirinə demişdir: “Nasizm dövründən bu gün Avropa İttifaqı xalqlarının çoxmillətli ailəsində lider rolu oynayan ölkəyə qədər dramatik təkamül yolu keçmiş Almaniyada bu cür tədbirlər keçirilməsi xüsusilə vacibdir. Nasional-sosialist rejiminin mənfur və cinayətkar mahiyyətinin alman xalqı tərəfindən dərk edilməsi, İkinci Dünya müharibəsi illərində nasistlər tərəfindən törədilmiş cinayətlərə görə yeni Almaniyanın yəhudi xalqından və dünyanın digər xalqlarından üzr istəməsi sayəsində almanların yeni nəsli keçmişin ağır mənəvi yükündən xilas olmuş və yeni tipli - müharibəsiz, milli və irqi zəmində nifrət hissindən azad Avropaya inteqrasiya olunmalarına imkan vermişdir. Buna görə erməni xalqı da almanların müharibədən sonrakı nəslindən ibrət götürməli, yeni ərazilər ələ keçirmək doktrinasının cinayətkar xarakterini başa düşməli, özündə cəsarət taparaq daşnak ideologiyasını pisləməli və əcdadları tərəfindən törədilmiş qanlı cinayətlərə - 1918-ci ildə Bakı, Salyan, Lənkəran, Xaçmaz, Quba və Şamaxıda törədilmiş qırğınlara, 1988-ci ildə Spitakda və Qukarkda talanlara, Ermənistan dövləti tərəfindən 1992-ci ildə Xocalıda törədilmiş soyqırımına görə Azərbaycan xalqından üzr istəməlidir. O günün çatması, ermənilərin belə bir addım atması çox vacibdir. Bu, onların əcdadlarından miras qalmış ağır cinayətlərin yükündən azad olmasına və Cənubi Qafqazın sülhsevər xalqları ailəsinə qoşulmasına imkan verər”.
“Almaniyada Azərbaycan evi” təşkilatının rəhbəri Tofiq Qarayev qeyd etmişdir ki, ermənilərin cinayətlərini pisləyən tədbirlər və kütləvi aksiyalar keçirilməsi avropalıların həqiqəti yalandan, təqsirkarı qurbandan fərqləndirməsinə imkan verir. Tofiq Qarayev vurğulamışdır: “Biz regionda baş verən siyasi proseslər barədə Almaniya ictimaiyyətini məlumatlandırmaqda davam edəcəyik”.
Mitinqdən videoreportaj YouTube saytında yerləşdirilmişdir: http://www/youtube.com/watch?RlmsyBUICWI.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin