Berlində Ulu Öndərin əziz xatirəsi anılıb
Berlin, 12 may, AZƏRTAC
Azərbaycanın Almaniyadakı səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib.
Ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov Ulu Öndərin Azərbaycanın müstəqillik tarixində yeri və rolundan danışib. Səfir bildirib ki, Ermənistanın təcavüzü və daxildəki hərc-mərclik nəticəsində 1990-cı illərin əvvəllərində gələcəyi qaranlıq görünən ölkəmiz məhz Heydər Əliyevin apardığı uzaqgörən dövlət quruculuğu islahatları nəticəsində regionda aparıcı gücə çevrilib. Heydər Əliyev şəxsiyyətini xarakterizə edən səfir onun hər zaman, ən çətin məqamlarda da xalqının yanında olduğunu və hətta sovet dönəmində də ölkəsinin vətənpərvər lideri olduğunu vurğulayıb.
Pərviz Şahbazov bildirib ki, Ümummilli Lider Azərbaycan xalqına uzaqgörən zəka ilə düşünülmüş daxili və xarici siyasət miras qoyub. Azərbaycan bu gün də onun yolunu davam etdirir, regionda sabitliyə və inkişafa xidmət edən irimiqyaslı layihələr həyata keçirir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan səfir Ermənistanın hazırki status-kvonu saxlamaq üçün hər vasitəyə əl atdığını vurğulayıb və beynəlxalq ictimaiyyəti münaqişənin həllinə töhfə verməyə çağırıb.
Tədbir Almaniyada yaşayan azərbaycanlı pianoçu Elnarə İsmayılova və soprano Silke Hartştanqın ifasında konsert proqramı ilə davam edib. Onlar Azərbaycan və dünya korifey bəstəkarlarından nümunələr səsləndiriblər.
Tədbirdə Azərbaycan Milli Məclisinin və Almaniya Bundestaqının deputatları, Almaniyanın dövlət qurumlarının təmsilçiləri, Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvləri, bu ölkənin siyasi, elm və mədəniyyət xadimləri, xarici ölkələrin diplomatları, mətbuat təmsilçiləri, Azərbaycan və türk diasporunun üzvləri, bu ölkədə təhsil alan və tədqiqat aparan azərbaycanlı gənclər iştirak ediblər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin