BERNAMA agentliyi: Azərbaycan parlamenti ölkədə hərbi vəziyyəti ləğv edib
Kuala Lumpur, 13 dekabr, AZƏRTAC
Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Azərbaycan Milli Məclisinin ölkənin bir neçə şəhərində və rayonunda hərbi vəziyyətin aradan qaldırılması barədə qəbul etdiyi qərar haqqında məlumat yayıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Anadolu agentliyinə istinadla yayılan məlumatda Prezident İlham Əliyevin sentyabrın 27-də Azərbaycan Ordusunun Ermənistanın işğalı altında olan torpaqları azad etmək üçün başladığı əməliyyatlarla əlaqədar elan etdiyi hərbi vəziyyətin ləğvi barədə qərarı dekabrın 11-də Milli Məclis tərəfindən təsdiq edilib.
Qeyd edilir ki, hərbi vəziyyət dövründə həm Azərbaycan vətəndaşlarının, həm də ölkədəki əcnəbilərin Konstitusiya hüquqları və azadlıqları, o cümlədən mülkiyyət hüquqları müvəqqəti olaraq qismən dayandırılıb, bəzi rayonlarda isə sutkanın müəyyən saatlarında komendant saatı tətbiq edilib.
Yazıda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə də geniş məlumat verilir. Qeyd edilir ki, Qarabağ regionu və ətrafda yerləşən yeddi rayon beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınır. Bu ərazilər ötən əsrin 90-cı illərində aparılan hərbi əməliyyatlar nəticəsində xarici havadarlarına arxalanan Ermənistan tərəfindən işğal edilib.
Sentyabrın 27-də Azərbaycan Ordusunun Ermənistanın təxribatlarına qarşı başladığı əks-hücum əməliyyatı 44 gün davam edib və bu əməliyyatlar nəticəsində dörd şəhər və təqribən 300-dək yaşayış məntəqəsi işğaldan azad olunub.
Vurğulanır ki, Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında noyabrın 10-da qüvvəyə minən atəşkəs razılaşması Azərbaycanın tam qələbəsi, Ermənistanın isə məğlubiyyəti kimi dəyərləndirilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur