BERTİ FOQTS: AVROKUBOKLARDA AZƏRBAYCAN KLUBLARININ UĞURLU ÇIXIŞI YETİRMƏLƏRİMİN ƏHVALINA DA SİRAYƏT EDİB
Bakı, 11 avqust (AZƏRTAC). Almaniya yığması dünyanın ən güclü komandalarından biridir. Bununla belə, Azərbaycan yığmasında maraqlı futbolçular var. Elvin Məmmədov, Vaqif Cavadov, Vüqar Nadirov klublarının Avrokuboklarda uğurlu çıxışından ruhlanıblar. Ümid edirəm ki, biz sabah Almaniya komandasına qol vura biləcəyik.
Bunu Azərbaycanın futbol üzrə yığma komandasının baş məşqçisi Berti Foqts avqustun 11-də keçirdiyi mətbuat konfransında söyləmişdir.
Almaniya ilə görüşə ciddi hazırlaşdıqlarını deyən Foqts yetirmələrinin dünyanın ən güclü komandası ilə oyunda sürpriz edəcəyini istisna etməmişdir.
Mətbuat konfransında yerli KİV nümayəndələri ilə yanaşı, çoxsaylı alman jurnalistlərinin suallarını cavablandıran baş məşqçi onlara Azərbaycan futbolunun inkişafı barədə də danışımş, görülən işlər barədə məlumat vermişdir.
Foqts əvvəllər çalışdırdığı Şotlandiya və Nigeriya yığmaları ilə Azərbaycan komandası arasında oxşar və fərqli cəhətlərə də toxunmuşdur. O demişdir ki, Azərbaycan yığması da Şotlandiya komandası kimi gənclərdən qurulmuşdur. Nigeriya millisinə gəldikdə isə, əgər Azərbaycanda mənə yaradılmış şərait orada olsa idi, mən həmin komanda ilə dünya çempionatında nəticə qazanardım.
“Almaniya yığmasının zəif mövqelərini ayırd edə bilmisinizmi?” sualını isə Foqts özünəməxsus şəkildə cavablandırmışdır: “Biz Almaniya yığmasının güclü tərəfini bilirik. Lakin, onlar bizim üstün cəhətlərimizi bilmir. Futbolda hər şey olur və biz sabah sürpriz göstərməyə qadirik”.