Beşinci üçtərəfli görüş: Brüsseldə qalib Azərbaycandır

Bakı, 20 may, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri çərçivəsində keçirdiyi görüşlərin önəmi istər yerli, istərsə də beynəlxalq medianın gündəmini təşkil etməkdədir. Xüsusilə də, dövlətimizin başçısının Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə üçtərəfli görüşünün diplomatik nəticələri geniş müzakirə olunur.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, Şarl Mişelin görüşdən sonra mətbuata açıqlamasında əks olunan məqamlar isə bir sıra məsələlərə aydınlıq gətirib.
“Aİ Şurasının Prezidenti mətbuata bəyanatında bildirdi ki, liderlər 1991-ci ilin Alma-Ata Bəyannaməsinə və Ermənistanın 29,8 min kvadratkilometr və Azərbaycanın 86,6 min kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər. Yəni, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bu dəfə Avropa İttifaqı platformasından bəyan etdi. Bu, Azərbaycanın diplomatik müstəvidə ardıcıl nailiyyətlərinin davamıdır.
Şarl Mişelin açıqlamasında qeyd edildiyi kimi, “Bağlantılar məsələsində tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə aydın irəliləyişə nail olublar. Bu mövzuda xüsusilə də Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb”. Beləliklə, Ermənistan Zəngəzur dəhlizinin açılmasının zəruriliyini rəsmi şəkildə etiraf və qəbul edib. Bu, Azərbaycanın mövqeyinə tam adekvat olmaqla yanaşı, kommunikasiyaların bərpasında, Zəngəzur dəhlizinin reallaşması məsələsində irəliləyişi ifadə edir. Ümumiyyətlə, dəhlizin yaradılması məsələsi təkcə Azərbaycanın deyil, bütövlükdə, regionun siyasi gündəliyinin mühüm tərkib hissəsidir. Bu da təsadüfi deyil, çünki kommunikasiyaların bərpası həm ölkəmizin yerləşdiyi regionda, həm də Asiyadan Avropaya doğru geniş məkanda yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Zəngəzur dəhlizi bir çox dövlətin əməkdaşlıq imkanlarını genişləndirəcək”, - deyə komitə sədri diqqətə çatdırıb.
S.Novruzov bildirib ki, bəhs olunan açıqlamada yer alan “Avropa İttifaqının gizli gündəliyi yoxdur. Bizim yeganə məqsədimiz Azərbaycana və Ermənistana əhatəli və ədalətli sülhə nail olmaqda kömək etməkdir. Biz onların birgə səylərinə dəstək verməyə hazırıq” fikri isə Aİ-nin Cənubi Qafqazda sülhün bərqərar olunmasının özünü geostrateji prioritetləri sırasına daxil etdiyini göstərir. Başqa sözlə, Avropa İttifaqı postmüharibə dövrünün reallıqlarını məhz Azərbaycanın haqlı mövqeyi fonunda dəyərləndirir, Bakının təklifləri yüksək qiymətləndirilir və əsas götürülür.
“Avropanın siyasi paytaxtında baş tutan beşinci üçtərəfli görüş Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi-diplomatik müstəvidə möhkəmləndirildiyini və ölkəmizin strateji hədəflərinə doğru inamla addımladığını təsdiqləyir”, - deyən Siyavuş Novruzov fikirlərini yekunlaşdırıb.